
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əhatə dairəsində “Nəsimi küçəsi, 95” ünvanında növbəti yeni ərazi partiya təşkilatı təsis edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, təsis iclasından əvvəl tədbir iştirakçıları “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə müəssisəyə ekskursiya ediblər. Onlara rezidensiyanın fəaliyyəti, yaradılmış şərait və həyata keçirilən xidmətlər barədə ətraflı məlumat verilib.
Daha sonra keçirilən təsis iclasında çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın rəhbəri Təranə Paşayeva, müəssisənin icraçı direktoru Vasif Akifli və digər iştirakçılar Yeni Azərbaycan Partiyasının yaranma tarixi, ölkənin ictimai-siyasi həyatındakı mühüm rolu və qarşıya qoyduğu məqsədlər barədə fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın mürəkkəb ictimai-siyasi şəraitində tarixi zərurətdən irəli gəlib. 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddət ərzində xalqın böyük etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın qazandığı tarixi Zəfər, ölkənin beynəlxalq nüfuzunun artması və həyata keçirilən genişmiqyaslı inkişaf strategiyası partiyanın siyasi xəttinin uğurlarının bariz nümunəsidir.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası sıralarına qoşulan hər bir üzv dövlətçilik prinsiplərinə, milli maraqlara və ölkənin davamlı inkişafına sadiqliyi ilə seçilməli, partiyanın ideyalarının təbliğində fəal iştirak etməlidir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Nərmin Daşdəmirbəyli Asif qızı yekdilliklə “Nəsimi küçəsi, 95” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Xədicə Daşdəmirbəyli Asif qızı isə sədr müavini seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədri və sədr müavini göstərilən etimada görə təşəkkürlərini bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, partiyanın fəaliyyətində fəal iştirak etmək və təşkilatın işinin daha da gücləndirilməsi istiqamətində səylə çalışmaq əzmində olduqlarını qeyd ediblər.
Sonda partiyaya üzv olmaq istəyən şəxslərin müraciətlərinə baxılıb.



