
Azərbaycan xalqının çoxəsrlik tarixində özünəməxsus yeri olan Ağdam Qarabağın mühüm iqtisadi, mədəni və ictimai mərkəzlərindən biridir. Tarixi keçmişi, zəngin mədəni irsi, tanınmış ziyalıları, sənət adamları və zəhmətkeş insanları ilə seçilən Ağdam uzun illər Azərbaycanın inkişafında mühüm rol oynamışdır. Lakin ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Ağdam da uzun illər işğal və dağıntılara məruz qalmışdır.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin işğal edilməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. İşğal nəticəsində rayonun böyük hissəsi, o cümlədən şəhər mərkəzi düşmən nəzarətinə keçmişdi. Bir zamanlar qaynar həyatın hökm sürdüyü Ağdam uzun illər xarabalığa çevrilmiş şəhər kimi tanınırdı. Bütün bunlara baxmayaraq, ağdamlılar doğma torpaqlarına qayıdacaqlarına, tarixi ədalətin bərpa olunacağına heç vaxt ümidlərini itirməyiblər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalqımızın milli birliyi torpaqlarımızın azad olunmasını təmin etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi, Ermənistanın hərbi-siyasi məğlubiyyəti ilə nəticələnən tarixi Zəfər qazandı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Beləliklə, təxminən 27 illik işğala son qoyuldu, Ağdamın azadlığı təmin edildi.
Ağdamın işğaldan azad edilməsi Azərbaycan dövlətinin hərbi-siyasi gücünün, diplomatik iradəsinin və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyinin mühüm nəticəsi idi. Bu hadisə həm də xalqımızın doğma torpaqlarına qayıdışına gedən yolun başlanğıcını təşkil etdi. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 23-də Ağdam şəhərinə səfər edərək burada Azərbaycan Bayrağını ucaltması xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Dövlətimizin başçısının həmin səfəri zamanı şəhərin acınacaqlı vəziyyətini bütün dünyaya nümayiş etdirməsi erməni vandalizminin əsl mahiyyətini bir daha ortaya qoydu. Ağdamın azad olunması ilə Azərbaycan xalqı yalnız ərazi bütövlüyünün bərpası istiqamətində növbəti mühüm nailiyyət əldə etmədi, eyni zamanda, tarixi ədaləti bərpa etdi.
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Ağdamda yeni şəhərsalma konsepsiyası əsasında müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin, sosial obyektlərin, istehsal müəssisələrinin və kommunikasiya xətlərinin tikintisi istiqamətində ardıcıl tədbirlər görülür. 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi bu istiqamətdə mühüm mərhələ oldu. Baş plana əsasən, şəhərin müasir memarlıq və şəhərsalma prinsipləri əsasında yenidən qurulması, əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılması, ekoloji tarazlığın qorunması və iqtisadi potensialın inkişaf etdirilməsi nəzərdə tutulub.
Ağdamda həyata keçirilən quruculuq işləri təkcə yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Şəhərin nəqliyyat, enerji, su və digər kommunal infrastrukturu yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir, sosial və iqtisadi təyinatlı obyektlər istifadəyə verilir.
Əminliklə demək olar ki, Ağdamın bərpası və inkişafı yalnız bir şəhərin yenidən qurulması deyil, həm də xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və quruculuq ənənələrinin dirçəldilməsidir. Bu gün Ağdamın hər bir küçəsində, hər bir tikilisində Böyük Qayıdışın izləri görünür. Ağdam yenidən qurulur, ağdamlılar doğma yurdlarına qayıdır, şəhərin həyat ritmi bərpa olunur. 20 Noyabr – Ağdam Şəhəri Günü isə bütün Azərbaycan xalqı üçün Zəfərin, tarixi ədalətin və milli qürurun təntənəsi kimi qeyd edilir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



