AnalitikaGündəmSiyasət

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

Hər bir xalqın tarixində onun taleyinə təsir edən, milli dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynayan siyasi təşkilatlar mövcuddur. Azərbaycan tarixində belə siyasi təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır (YAP). 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb ictimai-siyasi proseslərdən keçdiyi bir dövrdə xalqın sabitlik, inkişaf və güclü dövlətçilik arzularının ifadəçisi kimi meydana çıxmışdır.

YAP dünənin partiyasıdır, çünki onun tarixi Azərbaycanın müstəqillik yolunda üzləşdiyi çətinliklərlə sıx bağlıdır. Ölkədə siyasi qeyri-sabitliyin hökm sürdüyü, dövlətçiliyin təhlükə qarşısında olduğu bir vaxtda xalqın ziyalıları və geniş ictimaiyyət nümayəndələri Heydər Əliyevə müraciət edərək onun siyasi rəhbərliyə qayıdışını istədilər. Bu müraciət əsasında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük dəstəyini qazandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə partiya Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm rol oynadı.

YAP bu günün partiyasıdır, çünki müasir Azərbaycanın inkişafında, dövlət siyasətinin həyata keçirilməsində və cəmiyyətin siyasi həyatında fəal iştirak edir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, müstəqil siyasəti və güclü iqtisadi potensialı ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası milli birliyin, güclü dövlətçiliyin və qətiyyətli siyasi iradənin təntənəsi olmuşdur. Bu tarixi nailiyyətlər Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar yaratmışdır. YAP da bu proseslərdə öz siyasi və ideoloji fəaliyyətini davam etdirərək milli maraqların müdafiəsinə töhfə verir.

YAP gələcəyin də partiyasıdır. Çünki hər bir siyasi təşkilatın gücü yalnız keçmiş nailiyyətləri ilə deyil, gələcək hədəfləri, yeniliklərə açıq olması və gənc nəslə verdiyi dəyərlə ölçülür. Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artırılmasına, onların dövlət idarəçiliyində və ölkənin inkişafında iştirakına xüsusi önəm verir. Müasir dövrün çağırışlarına uyğun olaraq innovasiyaların, rəqəmsal inkişafın, təhsilin, elmin və milli-mənəvi dəyərlərin təşviqi partiyanın gələcəyə yönəlmiş fəaliyyətinin əsas istiqamətlərindəndir.

Bu gün Azərbaycan gəncliyi güclü, müstəqil və qalib ölkədə yaşayır. Onların qarşısında duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və ölkəmizin davamlı inkişafına öz töhfələrini verməkdir. Bu baxımdan YAP-ın gənclərə verdiyi dəstək və onların təşəbbüslərinin təşviqi xüsusi əhəmiyyət daşıyır.

Nəticə etibarilə, Yeni Azərbaycan Partiyası yalnız bir siyasi təşkilat deyil, Azərbaycanın müasir tarixinin mühüm siyasi hadisələrindən birinin nəticəsi, bu gününün fəal iştirakçısı və gələcək inkişafının ideoloji dayaqlarından biridir. Dünən Heydər Əliyevin siyasi irsi və dövlətçilik ideyaları əsasında formalaşan, bu gün İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun fəaliyyət göstərən YAP gələcəyə inamla addımlayır.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button