Analitika

Xəzər və Baltik regionları arasında şəbəkə qurulması dövrün reallığına çevrilir

“Bu gün Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.Ölkələrimiz arasında çox fəal siyasi dialoq aparılır və bu da konkret nəticələrlə tamamlanır. Bu mənada, siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir”.

Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan və Litva əməkdaşlığının genişləndirilməsiperspektivdə iqtisadiyyat və ticarət sahələri də siyasi səviyyədə olduğu kimi sürətlə inkişaf edəcək: “Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Sirr deyil ki, bu gün Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır və bu ixracın həcmi ildən-ilə artır. Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatı iki dəfə artırılacaq, 20 milyard kubmetrə çatdırılacaq. Lakin eyni zamanda Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir. Təsadüfi deyil ki, həm Litvada, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir, Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var və bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır”.

“Reallıq odur ki, Avropanın enerji xəritəsi Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib” – deyən Ramil Vəlibəyov onu da əlavə edib ki, bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Bu səbəbdən də Xəzər və Baltik regionları arasında şəbəkə qurulması dövrün reallığına çevrilir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button