
2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu təşəbbüs müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyub, sonrakı dövrdə genişlənərək qlobal enerji səhnəsinin aparıcı tədbirlərindən birinə çevrilən Bakı Enerji Həftəsi formatını alıb. Dövlət başçısı qeyd edib ki, dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilənin imzalanmasından 30 il ötür və bu layihə Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açaraq çoxsaylı ölkələrin enerji təhlükəsizliyinə töhfə verib. Prezident tədbirin əhəmiyyətinin ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin göndərdikləri məktublarda da əks olunduğunu vurğulayıb.
Prezident İlham Əliyev çıxışında enerji məsələlərinə münasibətdə son dövrlər daha praqmatik yanaşmanın formalaşdığını qeyd edərək bildirib ki, dünya faydalı qazıntılar olmadan yaşaya bilməz və ölkələr neft-qaz ehtiyatlarına malik olduqlarına görə deyil, həmin resurslardan əldə etdikləri gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə ağır iqtisadi və siyasi vəziyyətlə üz-üzə idi, ərazilərinin bir hissəsi işğal altında idi, yoxsulluq səviyyəsi yüksək idi və ölkə həm elektrik enerjisi, həm də təbii qaz idxal edirdi. Belə bir şəraitdə Azərbaycanın inkişaf yolu malik olduğu təbii sərvətlərdən istifadə etməkdən keçirdi. Məhz buna görə Azərbaycan Xəzərin enerji ehtiyatlarını beynəlxalq şirkətlərə açdı və həyata keçirilən siyasət nəticəsində ölkədə mühüm sosial-iqtisadi dəyişikliklər baş verdi.
Cənab Prezident bildirib ki, hazırda Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir, yoxsulluq və işsizlik təxminən 5 faiz səviyyəsinə enib, xarici borc əhəmiyyətli dərəcədə azalıb və strateji ehtiyatlar xarici borcu 18 dəfədən çox üstələyir. Təbii sərvətlərdən səmərəli istifadə nəticəsində güclü ordu qurulub, ölkənin hərbi, iqtisadi və siyasi imkanları genişlənib.
Prezident İlham Əliyev bərpaolunan enerji sahəsinin inkişafına da xüsusi diqqət ayırıb. O bildirib ki, ölkədə günəş, külək və hidroenerji layihələri həyata keçirilir, yaxın illərdə bu sahədə enerji gücü əhəmiyyətli dərəcədə artırılacaq. Dövlət başçısı vurğulayıb ki, enerji, nəqliyyat və tranzit sahələrində həyata keçirilən layihələr geniş regional əməkdaşlıq məkanı yaradıb. Azərbaycanın təşəbbüsləri, resursları və investisiyaları nəticəsində formalaşan bu əməkdaşlıq modeli həm enerji təhlükəsizliyinə, həm də regional inkişaf və əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



