AnalitikaGündəmSiyasət

WUF13-də Azərbaycanın dünyaya təqdim etdiyi ən böyük töhfə-Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma modelidir

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13), Azərbaycanın qlobal urbanizasiya proseslərindəki intellektual və praktik liderliyini nümayiş etdirdi. “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunan bu mötəbər tədbirdə Prezident İlham Əliyevin proqram xarakterli çıxışı həm qlobal urbanizasiya fəlsəfəsinə yeni baxış gətirdi, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi unikal model şəklində dünyaya mühüm mesajlar ötürdü.

Müasir dünyada urbanizasiya və qlobal mənzil böhranı sivilizasiyanın ən ciddi sınaqlarından birinə çevrilib. Belə bir dövrdə Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi təsadüfi deyil. Azərbaycan paytaxtı sadəcə qlobal müzakirələrin keçirildiyi məkan deyil; o, eyni zamanda sənaye çirklənməsindən yaşıl intellektual şəhərə, dağıntılardan sıfırdan qurulan “Ağıllı” şəhərlərə qədər uzanan böyük bir təkamülün canlı nümunəsidir.

Prezident İlham Əliyevin WUF13-ün açılış mərasimindəki çıxışı qlobal şəhərsalma siyasətinin humanitar, ekoloji və hüquqi aspektlərini özündə birləşdirən mühüm bir manifest hesab oluna bilər. Dövlət başçısı öz çıxışında müasir şəhərsalmanın sadəcə binaların ucaldılmasından ibarət olmadığını, bunun “cəsarət, siyasi iradə və ekoloji məsuliyyət” tələb etdiyini önə çıxardı.

Prezident Bakının tarixi rolunu xatırladaraq qeyd etdi ki, paytaxtımız dünyada sənaye üsulu ilə ilk neftin çıxarıldığı (1846-cı il) məkandır. Lakin keçmiş əsrlərdə ətraf mühitə laqeyd münasibət şəhərdə ciddi fəsadlar yaratmışdı.

İlham Əliyev Bakının ekoloji transformasiyasını konkret misallarla əyani şəkildə izah etdi: “Bəlkə də forum iştirakçıları üçün ‘Qara Şəhər’, ‘Bibiheybət’ və ya ‘Böyükşor’ adları heç nə ifadə etmir. Lakin 20 il əvvəl bu ərazilərin fotolarına baxsanız və bu gün reallığı görsəniz, yerli urbanizasiya təşəbbüslərimizin miqyasını anlaya bilərsiniz.”

Çirklənmiş sənaye zonalarının, neft gölməçələrinin təmizlənərək müasir yaşayış massivlərinə (Baku White City) və ekoloji parklara çevrilməsi dünya şəhərləri üçün unikal bərpa nümunəsidir.

WUF13-də Azərbaycanın dünyaya təqdim etdiyi ən böyük töhfə — Qarabağ və Şərqi Zəngəzurun Yenidənqurma Modelidir. Otuz illik işğal dövründə tamamilə yerlə-yeksan edilmiş, “ruhlar şəhəri”nə çevrilmiş yaşayış məskənlərinin sıfırdan bərpası dünya şəhərsalma tarixində analoqu olmayan bir təcrübədir. “Böyük Qayıdış” proqramı çərçivəsində qurulan şəhərlər yalnız fiziki infrastrukturu deyil, insanların məşğulluq, təhsil, səhiyyə və sosial ehtiyaclarını tam təmin edən ekosistemləri ehtiva edir. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) birbaşa tətbiqidir.

WUF13 platformasından Azərbaycan Prezidentinin dünyaya verdiyi bəyanatlar həm siyasi, həm də humanitar xarakter daşıyır. BMT Baş katibi Antonio Quterreşin foruma müraciətində səsləndirdiyi “Mənzil təminatı insan ləyaqəti üçün şərtdir” tezisi ilə sinxron olaraq, İlham Əliyev vurğuladı ki, dövlətlərin prioriteti insan kapitalının qorunması və təhlükəsiz yaşayış mühitinin yaradılması olmalıdır. Dünyada müharibələrin, dağıntıların və miqrant böhranlarının artdığı bir dövrdə Azərbaycan sübut edir ki, dağıdıcı münaqişələrdən sonra qısa müddətdə böyük reabilitasiya və re-urbanizasiya proqramları icra etmək mümkündür. Bunun üçün əsas şərt milli iradə və şəffaflıqdır.

COP29-dan sonra WUF13-ə ev sahibliyi edən Bakı, beynəlxalq birliyi planetin gələcəyi üçün iqlim dəyişikliyi ilə mübarizədə və şəhərlərin yaşıllaşdırılmasında real öhdəliklər götürməyə çağırdı. İkili standartlardan uzaq, inklüziv qlobal tərəfdaşlıq modelinin vacibliyi dilə gətirildi.

WUF13 çərçivəsində Bakı təkcə dünyanın müxtəlif ölkələrindən gələn urbanistləri, memarları və dövlət rəsmilərini birləşdirmədi, həm də gələcəyin şəhərlərinin necə olmalı olduğu barədə vizyon formalaşdırdı. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın lokal uğurlarını qlobal müstəviyə daşıyaraq bəyan etdi: İnsan amilinə söykənməyən, təbiətlə harmoniyada qurulmayan heç bir şəhərsalma modeli dayanıqlı ola bilməz. Azərbaycan özünün “Qara Şəhər”dən “Yaşıl Bakı”ya və tamamilə yenidən doğulan Qarabağa uzanan yolu ilə bu fəlsəfənin real icraçısı olduğunu sübut etdi.

Qəhrəman Qasımov,
Nizami rayonu 238 saylı tam orta məktəbin müəllimi, Əməkdar müəllim

 

Oxşar Xəbərlər

Back to top button