DünyaGündəmSiyasət

Uğurdan danışmaq haqqı: Azərbaycan milli nailiyyətlərini beynəlxalq nüfuza necə çevirir

Anastasiya Lavrina,
PhD doktorantı, siyasi analitik, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi tədqiqatçısı

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışı sadəcə beynəlxalq tədbir iştirakçılarına müraciət deyildi. Bu çıxışda 35 illik müstəqillik dövründə ağır sınaqlardan keçərək suverenliyini möhkəmləndirmiş, iqtisadi inkişafa nail olmuş, regional və beynəlxalq proseslərdə mühüm mövqe qazanmış bir dövlətin baxışı öz əksini tapdı.

Yalnız rəhbərlik etdiyi ölkə uğurlu inkişaf nümunəsi göstərən lider ədalət, müstəqillik və dövlətlərin məsuliyyəti haqqında bu qədər əminliklə danışa bilər. Xüsusilə də bu sözlərin arxasında vədlər deyil, konkret nəticələr dayandıqda. Azərbaycanın mövqeyinin əsas fərqi də məhz bundadır. Ölkəmiz dünyadan öz imkanlarına inanmağı xahiş etmir, artıq nəyə qadir olduğunu əməldə nümayiş etdirib.

İki mindən çox qeydiyyatdan keçmiş iştirakçını və yüzdən artıq ölkənin nümayəndələrini bir araya gətirən Forum çoxdan sırf mədəniyyət məsələlərinin müzakirə olunduğu tədbir çərçivəsindən çıxıb. Bakının təşəbbüsü ilə 2011-ci ildə əsası qoyulan bu dialoq bu gün, dünyanın hətta ən fundamental məsələlər üzrə ortaq məxrəcə gəlməkdə çətinlik çəkdiyi bir dövrdə xüsusilə aktualdır. Azərbaycan üçün müxtəlif mədəniyyətlərin və dinlərin birgə yaşayışı çoxəsrlik ənənədir. Məhz bu ənənə ən mürəkkəb illərdə belə ölkəmizdə daxili sabitliyin qorunmasına kömək edib.

Prezident azərbaycançılıq ideyasının birləşdirici rolunu xüsusi vurğuladı. 44 günlük Vətən müharibəsi zamanı müxtəlif millətlərin və dinlərin nümayəndələri olan vətəndaşlarımız Vətənin müdafiəsi uğrunda çiyin-çiyinə mübarizə apardılar. Məhz belə məqamlarda aydın görünür ki, cəmiyyətin birliyi dövlətin gücünün əsasını təşkil edir.

Çıxışda ikili standartlar məsələsi xüsusi yer tutdu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə onilliklər boyu icra olunmadı. Eyni zamanda, bu qərarların yerinə yetirilməsini təmin edə biləcək mexanizmlər də yaradılmadı. Buradan Prezidentin qaldırdığı haqlı sual meydana çıxır: əgər beynəlxalq institutların qərarları seçmə qaydada icra olunursa, onların fəaliyyətini nə dərəcədə inandırıcı hesab etmək olar? Azərbaycan üçün bu problem yalnız diplomatik bəyanatlarla deyil, otuz illik işğal və insanların taleyi ilə ölçülür.

2020-ci ildə və 2023-cü ildə baş vermiş hadisələr nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu gün işğaldan azad olunmuş ərazilərdə evlər, məktəblər tikilir, yollar çəkilir, sakinlər doğma yurdlarına qayıdırlar. Beləliklə, Qələbə dinc həyatın bərpası ilə davam etdirilir. Əhəmiyyətli məqamlardan biri də odur ki, Azərbaycan öz hüquqlarını bərpa etdikdən sonra Ermənistana sülh təklif etdi. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin mətni paraflandı. Bu, hələ yekun olaraq imzalanmış müqavilə olmasa da, Cənubi Qafqazda yeni reallığın formalaşması istiqamətində mühüm addımdır.

Prezident İlham Əliyev xatırlatdı ki, müharibəyə başlamaq onu başa çatdırmaqdan qat-qat asandır. Bu fikrin arxasında yalnız Qələbə qazanmağı deyil, həm də lazımi məqamda dayanaraq danışıqlara yol açmağı bacarmış bir ölkənin təcrübəsi dayanır. Belə bir nümunə regionumuzun hüdudlarından kənarda da böyük əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyi də dəyişib. Enerji və nəqliyyat marşrutlarının inkişafı, müstəqil diplomatiya, Çinlə strateji tərəfdaşlıq və digər qlobal güc mərkəzləri ilə əlaqələrin genişlənməsi ölkəmizin nüfuzunun möhkəmləndiyini göstərir. Bu gün Orta Dəhliz Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Asiya ilə Avropanı birləşdirir. Lakin onun əhəmiyyəti yalnız coğrafi mövqe ilə müəyyən edilmir. Etibarlı logistika siyasi etimad və mehriban qonşuluq münasibətləri olmadan mümkün deyil.

Azərbaycan regionlar arasında yerləşməsini real üstünlüyə çevirməyi, eyni zamanda, beynəlxalq dialoq məkanı kimi mövqeyini möhkəmləndirməyi bacarıb. İri beynəlxalq forumlara ev sahibliyi etməklə və yeni əməkdaşlıq formatlarında iştirak etməklə Bakı nümayiş etdirir ki, milli maraqların qorunması dünya ilə açıq əməkdaşlığa heç də zidd deyil.

Prezidentin 27 oktyabr tarixli çıxışının əsas mahiyyəti sözlə əməlin vəhdətindədir. Azərbaycan ədalətdən danışdı və öz ərazi bütövlüyünü bərpa etdi. Müstəqilliyini müdafiə etdi və ardıcıl şəkildə müstəqil siyasət həyata keçirir. Qələbə qazandıqdan sonra isə sülh təklif etdi. Məhz buna görə Prezident İlham Əliyevin səsi beynəlxalq arenada bu qədər inamla səslənir. Bu mövqenin arxasında öz dövlətini qorumağı bacarmış və bu gün onun gələcəyini öz gücü ilə quran bütöv bir xalqın keçdiyi yol dayanır.

Oxşar Xəbərlər

Back to top button