Analitika

Tarixi Qələbə və İlham Əliyevin siyasi Zəfəri

Bildiyimiz kimi 5 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib. Bu Qurultay ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisə idi.

Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcəkdi. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin də çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olub.

Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın.Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi.Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilib, mühüm hadisələr baş verib.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi isə siyasi sistemin inkişafı baxımından milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirdi.

Müstəcəbova Səbinə,
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button