AnalitikaGündəmSiyasət

Türk Dünyasının Təhlükəsizliyi və Birliyi

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüşdə TDT-nin Baş katibi, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının təhlükəsizlik sahəsində yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Dövlət başçısının çıxışında Türk dünyasının qarşılıqlı əməkdaşlığı, regional təhlükəsizlik və TDT-nin beynəlxalq rolunun gücləndirilməsi ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-TDT münasibətlərinin yalnız çoxtərəfli platforma ilə məhdudlaşmadığını, üzv ölkələrlə ikitərəfli əlaqələrin də yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin mövcudluğu Türk dövlətləri arasında siyasi etimadın və əməkdaşlığın dərinliyini göstərən amillər kimi təqdim olunub. Eyni zamanda, müxtəlif ölkələrlə yaradılmış birgə investisiya fondlarının iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət etdiyi qeyd edilib.

Çıxışın əsas istiqamətlərindən biri regional təhlükəsizlik məsələsi olub. Dövlət başçısı ətraf regionlarda davam edən müharibə və münaqişələrin təhlükəsizlik mühitinə təsir etdiyini bildirərək, Türk dövlətlərinin mövcud vəziyyət qarşısında arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan təhlükəsizlik strukturları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınması mühüm vəzifələr kimi önə çəkilib.

Prezident İlham Əliyev Türk dövlətləri arasında münasibətlərin yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşmadığını da vurğulayıb. Onun çıxışında qarşılıqlı əlaqələrin humanitar, iqtisadi, nəqliyyat, enerji və digər istiqamətlərdə genişləndirilməsinin əhəmiyyəti öz əksini tapıb. Bu yanaşma TDT məkanında əməkdaşlığın kompleks şəkildə inkişaf etdirilməsinin vacibliyini göstərir.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun daha da gücləndirilməsinin qarşıda duran mühüm məqsədlərdən biri olduğunu bildirib. TDT-nin mövcud potensialının üzv ölkələrin birgə səyləri ilə daha geniş şəkildə reallaşdırılması təşkilatın beynəlxalq proseslərdə mövqeyinin möhkəmlənməsinə imkan yarada bilər.

Görüşdə xüsusi diqqət çəkən məsələlərdən biri də gənc nəslin düzgün ideoloji və maarifləndirici istiqamətdə formalaşdırılması olub. Dövlət başçısının çıxışından aydın görünür ki, təhlükəsizlik anlayışı yalnız hərbi və siyasi məsələlərlə məhdudlaşmır, cəmiyyətin dayanıqlığı, milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərin dünyagörüşü də bu məsələnin mühüm tərkib hissəsidir.

Ümumilikdə, Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı Türk dünyasında həmrəyliyin, qarşılıqlı etimadın və əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini ortaya qoyur. Görüş həmçinin təhlükəsizlik məsələlərində koordinasiyanın artırılmasının və TDT-nin beynəlxalq mövqeyinin gücləndirilməsinin aktual olduğunu nümayiş etdirir. Azərbaycanın bu prosesdə fəal iştirak etməsi ölkənin Türk dünyası ilə əlaqələrə verdiyi strateji əhəmiyyətin göstəricisi kimi çıxış edir.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button