
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun və nüfuzunun daha da gücləndirilməsi, üzv dövlətlər arasında təhlükəsizlik və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm fikirlər səsləndirib.
Dövlət başçısı qeyd edib ki, TDT artıq yalnız türk dövlətləri arasında əməkdaşlıq platforması deyil, beynəlxalq gündəliyin mühüm məsələlərinin müzakirə edildiyi və müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyətin inkişaf etdirildiyi nüfuzlu təşkilata çevrilir. Təhlükəsizlik, enerji, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və multikulturalizm kimi məsələlər təşkilatın gündəliyində mühüm yer tutur.
Türk Dövlətləri Təşkilatına üzv ölkələr geniş coğrafiyada yerləşir və böyük təbii, iqtisadi, demoqrafik və geosiyasi potensiala malikdir. Bu ölkələrin ərazisindən mühüm enerji və nəqliyyat dəhlizləri keçir.
Cənab Prezident İlham Əliyev vurğulayıb ki, TDT məkanının qərbində və şərqində təşkilatın nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və ümumi təhlükəsizlik məsələlərində oynadığı rol böyük maraqla izlənilir.
Azərbaycan bu baxımdan xüsusi coğrafi mövqeyə malikdir. Ölkəmiz həm enerji resurslarının dünya bazarlarına çatdırılmasında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit imkanlarına sahibdir. Bu potensialın düzgün qiymətləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi Türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradır.
Prezident İlham Əliyev çıxışında türk dünyasının Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ümumi tarix, dil və mədəniyyət yaxınlığı, ortaq mənəvi dəyərlər və etnik köklər Türk Dövlətləri Təşkilatını digər beynəlxalq platformalardan fərqləndirən mühüm xüsusiyyətlərdəndir.
Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yüksək səviyyəli ikitərəfli münasibətlər qurub. Müttəfiqlik haqqında müqavilə və bəyannamələr, birgə investisiya fondları və müxtəlif iqtisadi layihələr bu münasibətlərin praktiki nəticələridir. Azərbaycanın xarici siyasətində Türk dünyası ilə əlaqələrin inkişafı mühüm prioritet istiqamətlərdən biridir.
Görüşün əsas mövzularından biri təhlükəsizlik məsələləri olub.
Prezident İlham Əliyev qeyd edib ki, ətraf regionlarda müharibələrin və qarşıdurmaların davam etdiyi bir şəraitdə Türk dövlətlərinin təhlükəsizlik məsələləri üzrə koordinasiyasının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında operativ informasiya mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərin qarşısının alınması istiqamətində koordinasiyanın gücləndirilməsi vacib məsələlər kimi önə çəkilib.
Eyni zamanda terrorizm, ictimai asayişə təhdidlər və digər təhlükələrə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin əhəmiyyəti vurğulanıb. Müasir dövrdə təhlükəsizlik yalnız fiziki təhdidlərdən müdafiə ilə məhdudlaşmır. Cənab Prezident ideoloji və informasiya xarakterli təhdidlərə də diqqət çəkib. Bu baxımdan gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik prinsiplərinə bağlı ruhda formalaşması mühüm məsələ kimi qeyd olunub.
TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, forumların, konfransların və müxtəlif birgə tədbirlərin keçirilməsi təklif edilib. Məqsəd türk dövlətlərinin gəncləri arasında birbaşa ünsiyyətin və qarşılıqlı əlaqələrin daha da gücləndirilməsidir.
TDT məkanının mühüm üstünlüklərindən biri də əhalinin gənc və demoqrafik göstəricilərin müsbət olmasıdır.
Cənab Prezident qeyd edib ki, bir çox ölkələrdə əhalinin azalması ciddi problemə çevrildiyi halda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə əhali artımı müşahidə olunur. Bu potensialın iqtisadi inkişaf, yeni iş yerlərinin yaradılması və sosial infrastrukturun inkişafı ilə dəstəklənməsi gələcək üçün mühüm imkanlar yaradır. Azərbaycan son illərdə TDT-nin inkişafında fəal rol oynayır. Ölkəmizin təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılıb. Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşü türk dövlətləri arasında siyasi dialoqun daha da intensivləşdirilməsi baxımından mühüm mərhələ olub. Azərbaycan-Türkiyə münasibətləri isə bu əməkdaşlığın xüsusi istiqamətlərindən biridir. Cənab Prezident İlham Əliyev Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə müttəfiqliyinin mühüm hüquqi əsaslarından biri kimi qeyd edib.
Çıxışda beynəlxalq hüququn üstünlüyünün qorunması məsələsinə də xüsusi diqqət yetirilib.
Cənab Prezident İlham Əliyev Azərbaycanın 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması ilə üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, beynəlxalq hüquq mexanizmlərinin səmərəli işləməsi münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan TDT ölkələrinin beynəlxalq hüququn prinsiplərinin qorunması məsələsində qarşılıqlı mövqelərini və əməkdaşlığını gücləndirməsinin əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyevin çıxışında əsas mesajlardan biri ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatının böyük potensialı mövcuddur və bu potensialdan daha səmərəli istifadə edilməlidir. Enerji və nəqliyyat bağlantıları, ticarət və investisiyalar, təhlükəsizlik, rəqəmsal əlaqələr, humanitar və mədəni əməkdaşlıq, gənclər siyasəti və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət TDT-nin gələcək inkişafının əsas istiqamətləri kimi ön plana çıxır.
Türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsi yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, bütövlükdə regionda sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlığın güclənməsinə də təsir göstərir.
Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas vəzifə ortaq potensialı birgə səylərlə gücə çevirmək, dövlətlər və xalqlar arasında əlaqələri daha da möhkəmləndirmək və təşkilatın beynəlxalq arenada rolunu artırmaqdır. Türk dünyasının ortaq dəyərləri, qarşılıqlı etimadı və həmrəyliyi onun gələcək inkişafı üçün mühüm təməldir.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



