
Şuşa şəhərində keçirilən Qlobal Media Forumu son illərdə Azərbaycanın ev sahibliyi etdiyi ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini, ekspertləri və jurnalistləri bir araya gətirən forum qlobal informasiya məkanında aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır.
Şuşa uzun illər işğal altında qaldıqdan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində azadlığına qovuşmuşdur. Bu gün şəhər beynəlxalq tədbirlərin keçirildiyi, mədəniyyətlərarası dialoqun inkişaf etdirildiyi və qlobal əməkdaşlığın təşviq olunduğu nüfuzlu mərkəzə çevrilib. Qlobal Media Forumunun Şuşada təşkil edilməsi Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların, sülh, inkişaf və əməkdaşlıq siyasətinin dünyaya nümayişidir.
Forum çərçivəsində informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellektin media sahəsinə təsiri, dezinformasiyaya qarşı mübarizə, jurnalistikanın gələcəyi, qlobal kommunikasiya və media etikası kimi müasir dövr üçün aktual mövzular geniş müzakirə olunur. Bu müzakirələr beynəlxalq media nümayəndələri arasında təcrübə mübadiləsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və peşəkar dialoqun genişlənməsinə imkan yaradır.
Şuşa Qlobal Media Forumu eyni zamanda Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Forum iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, tarixi-mədəni abidələrin bərpası, Böyük Qayıdış proqramı və regionda həyata keçirilən inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bu isə beynəlxalq media nümayəndələrinin bölgədə yaranmış yeni reallıqları birbaşa müşahidə etməsinə şərait yaradır.
Son illərdə forumun iştirakçı coğrafiyası davamlı olaraq genişlənir. Onlarla ölkədən yüzlərlə media rəhbərinin, jurnalistin və ekspertin iştirakı bu tədbirin beynəlxalq nüfuzunu daha da artırır. Açıq müzakirələr, panel sessiyaları və fikir mübadiləsi forumu qlobal informasiya gündəliyinin mühüm platformalarından birinə çevirib.
Forum çərçivəsində Prezident İlham Əliyevin media nümayəndələri ilə ənənəvi görüşü və onların çoxsaylı suallarını cavablandırması da tədbirin əsas məqamlarından biridir. Dövlət başçısı regional və beynəlxalq proseslər, Azərbaycanın xarici siyasəti, enerji təhlükəsizliyi, Qarabağda aparılan bərpa işləri, sülh gündəliyi və media sahəsinin inkişafı ilə bağlı mühüm mesajlar verir. Bu görüşlər beynəlxalq ictimaiyyətin Azərbaycanla bağlı dolğun və etibarlı məlumat əldə etməsinə mühüm töhfə verir.
Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq dialoqa verdiyi töhfənin, söz və fikir mübadiləsinə açıq mövqeyinin, eləcə də qlobal informasiya əməkdaşlığının inkişafına göstərdiyi dəstəyin bariz nümunəsidir. Forum həm də Azərbaycanın media diplomatiyasının mühüm alətlərindən biri kimi ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın genişlənməsinə və qlobal informasiya məkanında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.
Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq tədbirlər təqvimində xüsusi yer tutur. Bu nüfuzlu platforma media sahəsində qlobal çağırışların müzakirəsi, peşəkar əməkdaşlığın inkişafı və dünya ictimaiyyətinə Azərbaycanın müasir inkişaf reallıqlarının çatdırılması baxımından mühüm əhəmiyyətini ildən-ilə daha da artırır.
Şəbnəm Saracova,
YAP Xətai rayon təşkilatının fəalı



