AnalitikaGündəmSiyasət

25 Noyabr – Kəlbəcər Şəhəri Günü

Azərbaycan xalqının tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin olunmasına və torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizəyə verdiyi yüksək dəyərin ifadəsidir. Bu əlamətdar gün xalqımızın yaddaşında həm böyük Zəfərin, həm də doğma yurda qayıdışın rəmzi kimi yaşayır.
Kəlbəcərin tarixi taleyi Azərbaycanın digər işğal olunmuş əraziləri kimi ağır sınaqlardan keçmişdir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun əhalisi öz doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlər dağıntılara məruz qalmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuşdur.
Azərbaycan dövləti bütün bu illər ərzində işğal faktının aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ölkəmizin iqtisadi qüdrəti, beynəlxalq nüfuzu və hərbi potensialı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərlə nəticələnmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoymuşdur.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarılmışdır. Beləliklə, Kəlbəcərin işğalına son qoyulmuş, şəhər və rayonumuz yenidən öz sahibinə qovuşmuşdur. Bu hadisə Azərbaycan xalqının iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin mühüm nəticəsi olmuşdur.
Kəlbəcərin azad olunması yalnız hərbi-siyasi qələbə deyil, həm də xalqımızın tarixi yaddaşının, milli qürurunun və ədalətə inamının təntənəsi idi. Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində Kəlbəcər yenidən Azərbaycanın ayrılmaz hissəsi kimi öz tarixi sahibinə qovuşmuşdur.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərinə səfəri zamanı burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Dövlət başçısının həmin mərasimdə səsləndirdiyi fikirlər Kəlbəcərin azad edilməsinin tarixi mahiyyətini bir daha nümayiş etdirmişdir. Prezident bildirmişdir ki, Azərbaycan xalqı öz torpaqlarına qəhrəmanlıq və fədakarlıq göstərərək qayıdıb. Bu hadisə dövlətimizin suverenliyinin, xalqımızın yenilməz iradəsinin və milli birliyinin rəmzinə çevrilmişdir.
Kəlbəcərin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri bu qədim yurdun yenidən qurulması, infrastrukturunun bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılmış, şəhərin Baş Planı hazırlanaraq təsdiq edilmişdir. Avtomobil yollarının, tunellərin, körpülərin, elektrik və su təchizatı sistemlərinin, sosial obyektlərin tikintisi istiqamətində mühüm layihələr həyata keçirilmişdir.
Rayonun enerji potensialının bərpası və inkişafı məqsədilə kiçik su elektrik stansiyaları istifadəyə verilmiş, yeni yaşayış məhəllələrinin, məktəblərin, inzibati binaların və digər sosial obyektlərin inşasına başlanılmışdır. Kəlbəcərin məşhur İstisu mineral su mənbələrinin və müalicə-sağlamlıq turizmi potensialının yenidən dirçəldilməsi də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu layihələr Kəlbəcərin gələcəkdə ölkəmizin mühüm turizm, kənd təsərrüfatı və iqtisadi inkişaf mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərdə həyatın yenidən canlandırılması istiqamətində mühüm nəticələr əldə edilmişdir. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışı başlanmışdır. Uzun illər doğma yurdunun həsrəti ilə yaşayan insanların yenidən öz evlərinə, ata-baba ocaqlarına dönməsi tarixi ədalətin bərpasının ən sevindirici nəticələrindəndir. Bu qayıdış həm də Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının, həyata keçirilən məqsədyönlü siyasətin real təzahürüdür.
Kəlbəcər Şəhəri Gününün təsis edilməsi də bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu qərar Kəlbəcərin azad edilməsinin tarixi əhəmiyyətini bir daha təsdiqləməklə yanaşı, gələcək nəsillərə Vətən sevgisi, milli birlik və torpaqlarımızın müdafiəsi uğrunda mübarizə ruhunun aşılanmasına xidmət edir.
Bu gün Kəlbəcər özünün yeni inkişaf dövrünü yaşayır. Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşən bu qədim diyar indi tikinti-quruculuq meydanına çevrilib. Ucaldılan yeni binalar, çəkilən yollar, istifadəyə verilən enerji obyektləri və doğma yurda qayıdan sakinlər Kəlbəcərin gələcəyinin daha parlaq olacağından xəbər verir. Dövlətimizin məqsədyönlü siyasəti nəticəsində Kəlbəcər təkcə bərpa olunmur, həm də müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı tarixdir. Bu gün biz Kəlbəcərin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığı qarşısında baş əyir, Azərbaycan Ordusunun rəşadəti ilə qürur duyuruq. Kəlbəcərin azad edilməsi bir daha sübut etdi ki, güclü dövlət, qüdrətli ordu, xalq-iqtidar birliyi və qətiyyətli liderlik sayəsində ən çətin tarixi vəzifələri belə həyata keçirmək mümkündür.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button