AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzunmüddətli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan zəngin tarixə malikdir

Bu əlaqələr ötən onilliklər ərzində müxtəlif mərhələlərdən keçərək bu gün keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında mövcud siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın, humanitar və mədəni əlaqələrin mahiyyətini, eləcə də gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan və Vyetnam qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın genişləndirilməsində, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində və mövcud imkanlardan səmərəli istifadə olunmasında qətiyyətlidirlər.
Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır. Bu dostluğun əsasının qoyulmasında hər iki xalqın tarixində mühüm yer tutan iki böyük şəxsiyyətin – Vyetnam xalqının Ümummilli Lideri Ho Şi Minin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xüsusi xidmətləri olub. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm başlanğıc nöqtəsi təşkil edib. 1983-cü ildə isə Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri əməkdaşlığın daha geniş miqyas almasına şərait yaradıb. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə səfərin müddətinin səkkiz günə qədər uzadılması və Vyetnamın əsas regionlarını əhatə etməsi bu ölkəyə göstərilən xüsusi diqqətin və dostluq münasibətlərinin bariz nümunəsi olub. Həmin səfər zamanı əldə edilən razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini də müəyyənləşdirib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu tarixi ənənələr qorunub saxlanılıb və dövlətlərarası münasibətlər yeni məzmunla zənginləşdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri siyasi əlaqələrin inkişafına mühüm təkan verib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı olub. Səfər çərçivəsində keçirilən danışıqlarda energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyən mühüm siyasi hadisə olub.
Bu sənəd Azərbaycan və Vyetnam arasında qarşılıqlı etimadın, siyasi iradənin və uzunmüddətli əməkdaşlıq niyyətinin ifadəsidir. Eyni zamanda, dövlət başçıları səviyyəsində aparılan dialoqla yanaşı, hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları və parlamentlərarası dostluq qrupları vasitəsilə əlaqələrin inkişaf etdirilməsi münasibətlərin institusional əsaslarını möhkəmləndirir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişafı da siyasi əlaqələrin mühüm istiqamətlərindən biridir. Bu amil göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız dövlət qurumları səviyyəsində deyil, həm də siyasi təşkilatlar arasında qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq müstəvisində genişlənir.
Azərbaycan ilə Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda əməkdaşlıq ölkələrimizin beynəlxalq məsələlərə dair dialoqunu gücləndirir. Bu əməkdaşlıq qarşılıqlı maraqların müdafiəsinə, beynəlxalq münasibətlər sistemində konstruktiv mövqelərin dəstəklənməsinə və çoxtərəfli diplomatiyanın inkişafına xidmət edir.
İkitərəfli münasibətlərin əsas perspektivli istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına görə, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Hər iki dövlətin malik olduğu resurslar və iqtisadi imkanlar ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılması üçün geniş perspektivlər yaradır.
Energetika sahəsi tarixən Azərbaycan-Vyetnam əməkdaşlığının əsas istiqamətlərindən biri olub və bu gün də öz aktuallığını qoruyur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əməkdaşlığın genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə birgə fəaliyyət üçün yeni imkanlar açır. Bu əməkdaşlıq hər iki ölkənin enerji sektorunda təcrübə və texnologiya mübadiləsinə, qarşılıqlı investisiyaların təşviqinə və uzunmüddətli iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər.
Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artması da müsbət tendensiyadır. Bu baxımdan “ROX Group” şirkətinin tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsinə maraq göstərməsi diqqətəlayiqdir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması iqtisadi əməkdaşlığın praktiki müstəviyə keçdiyini nümayiş etdirir. Bu cür təşəbbüslər Azərbaycanın investisiya imkanlarının beynəlxalq miqyasda tanıdılmasına, qeyri-neft sektorunun inkişafına və yeni iqtisadi tərəfdaşlıqların qurulmasına töhfə verir.

Nəqliyyat və logistika sahəsi də Azərbaycan-Vyetnam əməkdaşlığının genişləndirilməsi üçün mühüm perspektivlər vəd edir. Prezident İlham Əliyevin müsahibəsində diqqətə çatdırdığı kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu göstərici nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikasını və mövcud potensialın reallaşdırılması istiqamətində atılan addımların nəticələrini əks etdirirş
Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit imkanları Vyetnam yüklərinin Avropa bazarlarına, eləcə də əks istiqamətdə daşınması üçün geniş imkanlar yaradır. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bu əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər. Azərbaycanın regional logistika və energetika mərkəzi kimi mövqeyinin möhkəmlənməsi Vyetnamla iqtisadi əlaqələrin genişlənməsinə də müsbət təsir göstərəcək. Beləliklə, nəqliyyat-logistika əməkdaşlığı təkcə iki ölkə arasında ticarət dövriyyəsinin artmasına deyil, həm də onların beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsinə xidmət edəcək.
Azərbaycan-Vyetnam münasibətlərində humanitar, təhsil və mədəni əlaqələr də xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahədə əməkdaşlıq xalqlarımızı birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində təhsil, xeyriyyəçilik, mədəniyyət və elm sahələrində həyata keçirilən təşəbbüslər qarşılıqlı dostluğun daha da möhkəmlənməsinə şərait yaradıb.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi humanitar və sosial layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərilməsi Azərbaycan xalqının dost Vyetnam xalqına münasibətinin səmimi ifadəsidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar əlaqələrin inkişafında mühüm hadisə olub. Səfər zamanı ölkə rəhbərliyi, yaradıcı ziyalılar və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib. Bu təşəbbüslər təhsil və humanitar əməkdaşlığın yalnız rəsmi sənədlərlə məhdudlaşmadığını, konkret layihələr və insanların həyatına müsbət təsir göstərən fəaliyyətlərlə müşayiət olunduğunu nümayiş etdirir.
Təhsil sahəsində əməkdaşlığın zəngin tarixi ənənələri mövcuddur. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış dostluq əlaqələrinin mühüm göstəricisidir. Həmin şəxslər Azərbaycanda qazandıqları bilik və təcrübəni sonradan Vyetnamın inkişafına yönəldiblər. Bu gün də iki ölkənin ali təhsil müəssisələri arasında tərəfdaşlıq müqavilələri və memorandumlar imzalanır, elmi və akademik əlaqələr genişlənir. Vyetnam nümayəndələrinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanları da bu əməkdaşlığın inkişafına xidmət edir.
2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması tarixi dostluğun rəmzi hadisələrindən biri kimi yadda qalıb. Görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edən bu tədbir Azərbaycan və Vyetnam xalqlarının ortaq tarixinə, qarşılıqlı hörmət və ehtiramına verilən dəyərin ifadəsi olub.
Prezident İlham Əliyevin VNA-ya müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin yalnız zəngin tarixi keçmişə deyil, həm də böyük gələcək perspektivlərinə malik olduğunu nümayiş etdirir. Dövlət başçısının qarşıdakı rəsmi səfərlə bağlı gözləntiləri də məhz bu strateji yanaşmaya əsaslanır. Vyetnamın Cənub-Şərqi Asiyada dinamik inkişaf edən dövlət, Azərbaycanın isə Cənubi Qafqazda mühüm logistika və energetika mərkəzi olması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Birgə səylər hesabına yeni bazarlara çıxış, investisiya imkanlarının artırılması, sənaye, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində layihələrin reallaşdırılması hər iki dövlət üçün əhəmiyyətli iqtisadi nəticələr vəd edir.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər tarixi dostluq ənənələrindən qaynaqlanaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və çoxşaxəli xarici siyasət Azərbaycanın Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsinə, beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və yeni iqtisadi tərəfdaşlıqların qurulmasına mühüm töhfə verir. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan Azərbaycan-Vyetnam əməkdaşlığının bundan sonra da genişlənəcəyi, imzalanmış sənədlərin konkret layihələrlə zənginləşəcəyi və iki xalqın rifahına xidmət edəcəyi şübhəsizdir. Tarixin sınağından çıxmış dostluq bu gün yeni strateji məzmun qazanaraq gələcək nəsillər üçün də möhkəm əməkdaşlıq təməli yaradır.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button