Analitika

Sülh gündəliyi öz aktuallığını qoruyur

Ali Avrasiya İqtisadi Şurasının iclası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 25-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü oldu. Görüşdə çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə Avrasiya İqtisadi Birliyi çərçivəsində təşkil olunmuş görüşə qoşulması qərarını qəbul etdiyi üçün təşəkkür etdi. Görüşdə bir çox önəmli məsələlər müzakirə edildi. İlk növbədə, Rusiya Prezidenti Vladimir Putin Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təkcə paytaxt Moskvada deyil, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da genişmiqyaslı təntənəli tədbirlərin keçirildiyini qeyd etdi.

Görüş zamanı Ali Baş Komandanımız Prezident İlham Əliyev Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının 30 il ərzində uğurla inkişaf etdirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısı olduğunu, nəqliyyat-logistika infrastrukturunun bütün istiqamətlərdə daşımaları həyata keçirməsini, Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olmağını, on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanının yaxın vaxtlarda modernləşdiriləcəyini və yükaşırmaların həcminin 25 milyon tona çatacağını qeyd etdi. Görüşdə Azərbaycan Ermənistan məsələlərinə də toxunuldu. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşdırılması işində Rusiyanın maraqlı olduğunu qeyd etdi.

Ali Baş Komandanımız çıxışı zamanı Ermənistanın etirafını – rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alaraq, sülh sazişinə nail olmaq üçün imkanların ola biləcəyini, bundan əlavə, Azərbaycanın heç bir dəhlizi bloklamadığını, Laçın-Xankəndi yolunun açıq olduğunu, Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsinin qoyulduğunu və bu nəzarət-buraxılış məntəqəsinin Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşdiyini, bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınlarının keçdiyini qeyd etdi. Sonda ümumilikdə, bu görüşün dövlətlərarası münasibətlərin tənzimlənməsində, inkişafın yüksəldilməsində əhəmiyyətli olacağını düşündüyünü söylədi.

Abdullazadə Türkanə,
Xəzər rayonu, 183 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button