
Azərbaycan və Vyetnam arasındakı dostluq münasibətlərinin əsası ötən əsrin ortalarından qoyulmuşdur. Bu münasibətlərin mühüm istiqamətlərindən biri təhsil sahəsində əməkdaşlıq olmuşdur. Xüsusilə Sovet İttifaqı dövründə Azərbaycanda təhsil alan vyetnamlı tələbələr iki ölkə arasında dərin və strateji əlaqələrin formalaşmasında xüsusi rol oynamışlar. Statistik məlumatlara əsasən, 1960–1980-ci illər ərzində Azərbaycanda təhsil alan vyetnamlıların sayı 5 minə yaxın olmuşdur. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini və ölkənin yüksək təhsil səviyyəsini dəyərləndirərək burada həyatlarının mühüm mərhələsini keçirmişlər.
Sovet dövründə bir çox Vyetnam gənci təhsil almaq üçün SSRİ-nin müxtəlif respublikalarına göndərilirdi. Azərbaycan isə bu baxımdan xüsusi seçilirdi. Burada neft, kimya, mühəndislik, kənd təsərrüfatı və digər sahələr üzrə ixtisaslaşmış ali təhsil müəssisələri vyetnamlı tələbələr üçün cazibədar idi. Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Azərbaycan Texniki Universiteti və digər elm ocaqları vyetnamlı gənclərin bilik mənbəyi olmuşdur.
Azərbaycan xalqının tolerantlığı və multikultural dəyərləri, həmçinin azərbaycanlı müəllimlərin peşəkarlığı Vyetnamdan gəlmiş tələbələrin burada özlərini rahat və təhlükəsiz hiss etməsinə şərait yaratmışdır. Onların əksəriyyəti Azərbaycan dilini öyrənmiş, milli adət-ənənələrimizə hörmətlə yanaşmış, çoxu isə azərbaycanlı ailələrlə dostluq münasibətləri qurmuşdur.
Azərbaycanda təhsil almış vyetnamlıların bir çoxu sonradan öz ölkələrində yüksək vəzifələrə yüksəlmişdir. Onlar hazırda Vyetnamın müxtəlif dövlət orqanlarında, o cümlədən hökumət, diplomatik xidmət, iqtisadiyyat, enerji, müdafiə və təhsil sahələrində məsul vəzifələrdə çalışırlar. Bu şəxslər arasında nazirlik səviyyəsində rəhbər vəzifələr tutanlar, diplomatik missiyalara rəhbərlik edənlər, eləcə də tanınmış alimlər vardır.
Azərbaycan təhsilindən qazanılan bilik və təcrübə bu şəxslərin peşəkar karyeralarında mühüm rol oynamış, eyni zamanda onların Azərbaycana olan münasibətində səmimi dostluq və minnətdarlıq hissləri formalaşdırmışdır. Bu gün də həmin məzunlar ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsində “yaşayan körpü” rolunu oynayırlar.
Azərbaycan və Vyetnam arasında təhsil sahəsindəki bu tarixi təcrübə mədəni diplomatiyanın uğurlu nümunəsidir. Azərbaycanda təhsil almış vyetnamlılar yalnız elm və texnologiya sahəsində deyil, həm də ölkəmizin mədəniyyəti, dili və insanları haqqında biliklərlə qayıdaraq Vyetnam cəmiyyətində Azərbaycan haqqında düzgün təsəvvürün formalaşmasına töhfə vermişlər.
Bu insanlar Azərbaycan-Vyetnam münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində qeyri-rəsmi, lakin çox təsirli rol oynamışlar. Onların fəaliyyəti iki ölkə arasında iqtisadi, humanitar və diplomatik əlaqələrin inkişafına təkan vermişdir.
Azərbaycan və Vyetnam bu zəngin təcrübəyə əsaslanaraq bu gün də təhsil sahəsində əməkdaşlığı davam etdirirlər. Hər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi, birgə proqramların hazırlanması və tələbə mübadiləsi kimi təşəbbüslər gündəmdədir.
2020-ci illərdən etibarən Vyetnamdan Azərbaycana maraq yenidən artmaqdadır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artması, təhsil sahəsində aparılan islahatlar və ölkənin beynəlxalq təhsil məkanına inteqrasiyası ilə bağlıdır. COP29 kimi beynəlxalq tədbirlərin Bakıda keçirilməsi də Azərbaycanın Asiya ölkələri ilə, o cümlədən Vyetnamla daha sıx əməkdaşlıq etməsi üçün zəmin yaradır.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri