Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində səhiyyə sahəsində işə qəbul prosesinin şəffaflığını və effektivliyini təmin etmək məqsədilə xüsusi komissiya təşkil edilib. Komissiyanın ilk iclasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Səhiyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.
Aktualinfo.az xəbər verir ki, iclas zamanı 25 nəfərin müraciəti müzakirə olunub. Komissiyanın əsas vəzifəsi namizədlərin bilik və bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək, işə qəbul prosesinin ədalətli və şəffaf həyata keçirilməsini təmin etmək olub.
Bu məqsədlə, hər bir namizədin peşəkarlıq səviyyəsi, vəzifəyə uyğunluğu ilə yanaşı, ailə vəziyyəti və ehtiyac meyarları qiymətləndiriləcək.Komissiyanın fəaliyyəti sayəsində Naxçıvan səhiyyəsinin işə qəbul prosesi daha səmərəli və obyektiv şəkildə həyata keçiriləcək.