
07 noyabr 2026-cı il tarixində “8 Noyabr – Zəfər Günü” münasibətilə qəhrəman şəhidlərimizin ailələri ilə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, Azərbaycan xalqının 8 Noyabr Zəfəri milli həmrəyliyin və dövlətə sədaqətin təntənəsidir. Bu tarixi qələbə hər birimizə göstərdi ki, xalq və dövlət bir məqsəd ətrafında birləşdikdə ən böyük çətinliklərin öhdəsindən gəlmək mümkündür. Şanlı Qələbənin minlərlə qəhrəman Vətən övladının canı və qanı, əsgər və zabitlərimizin igidliyi və fədakarlığı sayəsində əldə olunduğunu bildirib, onların keçdikləri şərəfli döyüş yolunun, Vətən qarşısında göstərdikləri mərdliyin xalqımızın qəlbində əbədi olaraq qürur və iftixar hissi ilə yaşayacağını vurğulayıb.
Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva bildirib ki, biz bu gün azad və qalib ölkənin vətəndaşları olaraq başımızı dik tuturuqsa, bunu şəhidlərimizin müqəddəs ruhuna və qazilərimizin rəşadətinə borcluyuq. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, qazanılan möhtəşəm Zəfər isə gələcək nəsillərə hər zaman yol göstərən bir məşəl olacaqdır.
Görüşdə iştirak edən şəhidlərimizin ailə üzvləri öz növbələrində onlara göstərilən yüksək diqqət, hərtərəfli qayğı və sonsuz ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.












