
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 29 oktyabr 2026-cı il tarixində Qoxmuq kənd tam orta ümumtəhsil məktəbinin akt zalında YAP Şəki rayon təşkilatının “Qoxmuq” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, kənd İƏD üzrə nümayəndəliyin, bələdiyyənin, məktəbin, uşaq bağçasının, mədəniyyət və folklor klubunun rəhbərliyi, müəllimlər, ərazi partiya təşkilatının qeydiyyatında olan üzvlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Qoxmuq bələdiyyəsinin sədri, “Zunud” ƏPT-nın sədri, Qurultay nümayəndəsi Əliheydər Abdullayev, Qoxmuq kənd İƏD üzrə nümayəndəliyin baş məsləhətçisi, “Qoxmuq” ƏPT-nın sədri Zeynal Əliyev,
Qoxmuq kənd tam orta məktəbinin direktoru Bəkir Xəlilov, Partiya veteranı, şəhid Elmir Umudlunun babası Nəriman Umudov, İnçə-Zunud kənd tam orta məktəbinin direktoru, “Zunud” ƏPT-nın sədr müavini Amil Əbdurəhimov və Qoxmuq kənd tam orta məktəbinin Tarix müəllimi Fətəli Babayev çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin və qarşıya qoyduğu vəzifələrin əhəmiyyəti diqqətə çatdırılıb. Partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və partiya üzvlərinin üzərinə düşən vəzifələr barədə fikirlər səsləndirilib.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, dövlət müstəqilliyinin və milli maraqların qorunmasına öz töhfəsini verir. VIII Qurultayda müəyyənləşdirilən istiqamətlərin yerlərdə ardıcıl şəkildə təbliği, partiya üzvlərinin fəallığının artırılması və əhali ilə işin daha da gücləndirilməsi mühüm vəzifələrdəndir.
İclasda, həmçinin partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakı, yerli problemlərin öyrənilməsi, vətəndaşlarla mütəmadi təmasların qurulması və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması məsələlərinə toxunulub.
Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyələr verilib, qarşıda duran vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının vacibliyi vurğulanıb.













