
Oktyabrın 30-da “Tbilisi pr. 129” ünvanı üzrə (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq ölkəmizin tarixi və strateji dövrünü yaşadığı bir vaxtda keçirilən bu görüşün böyük mənəvi, ideoloji və dövlətçilik əhəmiyyəti daşıdığını bildirib. R.Rzayev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın postmüharibə dövründəki yeni inkişaf strategiyasını və ideoloji prioritetlərini müəyyən edən tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi Böyük Qayıdışa dair Dövlət Proqramlarının icrası, işğaldan azad edilmiş torpaqlarımızda məskunlaşmanın təmin edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına rahat və mərhələli qayıdışı, onların məşğulluq və sosial rifahının yüksəldilməsi istiqamətində Komitə kollektivinin qarşısına mühüm vəzifələr qoyur. Komitə sədri qeyd edib ki, qurumun bütün əməkdaşları və partiya fəalları cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Böyük Qayıdışın reallaşması istiqamətində yorulmaz fəaliyyətinə cavab olaraq ideoloji işlərini daha yüksək əzmlə sürdürəcəklər.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındaki tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, Böyük Qayıdışın milli həmrəyliyimizdəki müstəsna rolu və dövlət qurumlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran mühüm hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi stabilliyinin, sosial-iqtisadi yüksəlişinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin “Məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin bir nömrəli vəzifəsidir” prinsiplərini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional miqyasda qüdrətli dövlətə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə qazanılan Zəfərlər 30 illik həsrətə son qoymuş, soydaşlarımızın öz doğma baba-baba torpaqlarına qayıtmaq arzusunu gerçəkliyə çevirmişdir. Qazanılan bu tarixi qələbələr partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təntənəsidir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər Böyük Qayıdış prosesində birbaşa iştirak edən dövlət strukturlarının və onların ərazi partiya təşkilatlarının işində keyfiyyətcə yeni mərhələ açır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda yenidən qurulan kənd və şəhərlərimizə köçürülən sakinlər arasında ideoloji-maarifləndirmə işlərinin aparılması, onların cəmiyyətə inteqrasiyası, yeni həyat şəraitinə uyğunlaşması və vətənpərvərlik ruhunun daim yüksək tutulması vacibdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi partiya təşkilatı bu tarixi missiyanın ideoloji dayaqlarından biri kimi fəaliyyət göstərir, gənc kadrların partiya həyatına fəal inteqrasiyasını təmin edir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi partiya təşkilatı böyük təcrübəyə, təşkilati və idarəetmə potensialına malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsir gücünün artırılması istiqamətində Komitənin fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Çıxış edənlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və şöbə müdiri Sənan Hüseynov işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yerlərdə aparılan məşğulluq tədbirləri və ərazi partiya təşkilatının ideoloji fəaliyyəti barədə məlumat veriblər. Çıxışçılar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın keçmiş məcburi köçkünlərə göstərdiyi sonsuz diqqət və qayğı hər bir əməkdaşı bu müqəddəs qayıdış işində daha fəal olmağa ruhlandırır. Onlar Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik fəaliyyətlərində rəhbər tutaraq dövlətçilik ideyalarının təbliğində və Böyük Qayıdış prosesində ön sıralarda olacaqlarını bəyan ediblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.















