AnalitikaGündəmSiyasət

Qlobal enerji siyasətinin Bakı Zirvəsi: Təhlükəsizlik, yaşıl keçid və yeni trendlər

1 iyun 2026-cı il tarixdə Bakı Ekspo Mərkəzində regionun və dünyanın ən nüfuzlu enerji tədbirlərindən biri olan Bakı Enerji Həftəsi start götürmüşdür. Sektorun aparıcı qüvvələrini bir araya gətirən bu platforma çərçivəsində üç nəhəng tədbir – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (“Caspian Power”) və 31-ci “Baku Energy Forum” rəsmi olaraq qapılarını iştirakçıların üzünə açmışdır. Tədbirdə 44 ölkədən 274 şirkət iştirak edir.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş proqram xarakterli çıxış edərək həm ölkənin tarixi uğurlarını, həm də gələcək qlobal enerji strategiyasının konturlarını dünya ictimaiyyətinə təqdim etmişdir.

Prezident İlham Əliyev çıxışında daxili və xarici siyasəti şərtləndirən bir neçə mühüm strateji tezisə toxunmuşdur:

– Dövlət başçısı Xəzər Neft və Qaz Sərgisinin müasir Azərbaycanın müstəqil enerji strategiyasının bünövrəsini qoyduğunu qeyd etmişdir. Xüsusilə dünyanın ən nəhəng qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilənin imzalanmasından (iyun, 1996) düz 30 il keçdiyini xatırladan Prezident, bu hadisənin Azərbaycanın müasir qaz hasilatında və ixracatında yeni bir eraya rəvac verdiyini vurğulamışdır.

– Son illərdə neft və qaz istehsalçısı olan ölkələrin əsassız tənqidlərə və qarayaxma kampaniyalarına məruz qaldığını bildirən dövlət başçısı, bu sahənin demonizasiya edilməsinin yanlış trend olduğunu diqqətə çatdırmışdır. O, karbohidrogen resurslarının qlobal iqtisadiyyat üçün hələ də fundamental baza təşkil etdiyini müdafiə etmişdir.

– Azərbaycan həm ənənəvi resursların etibarlı tədarükçüsü, həm də təmiz enerji keçidinin öncüllərindən biridir. “Caspian Power” sərgisinin rolu və ölkənin bərpaolunan enerji potensialı (külək, günəş və hidrogen) ölkənin yalnız qaz deyil, həm də “yaşıl elektrik enerjisi” ixracatçısına çevrilmək hədəfini nümayiş etdirir.

Bakı Enerji Həftəsinin mühüm məqamlarından biri də dünya nəhənglərinin tədbirə göstərdiyi yüksək siyasi diqqətdir. Prezident İlham Əliyev çıxışında ABŞ Prezidenti Donald Trampa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Keir Starmerə tədbir iştirakçılarına ünvanladıqları təbrik və dəstək məktublarına görə təşəkkürünü bildirmişdir.

Prezident İlham Əliyevin ABŞ Prezidentinə xüsusi təşəkkürü:

“Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlər əsassız olaraq küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu.”

Bakı artıq sadəcə regional yox, Avropanın enerji xəritəsini formalaşdıran əsas qərargahlardan biridir. Sərginin açılışında ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və digər yüksək rütbəli qonaqların iştirakı rəsmi Bakının geosiyasi çəkisini göstərir.

Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyi təmin edilir və tədarük coğrafiyası (İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Serbiya, Macarıstan, Rumıniya və s.) getdikcə genişlənir. Ölkəmiz siyasi risklərdən uzaq, uzunmüddətli müqavilələrə sadiq tərəfdaş imicini qoruyur.

Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi və Prezident İlham Əliyevin konseptual çıxışı göstərdi ki, Azərbaycan neft-qaz sənayesinin tarixi qazanclarını qorumaqla yanaşı, dövrün çağırışlarına (yaşıl keçid, rəqəmsallaşma, süni intellekt tətbiqi) ən sürətli adaptasiya olan ölkələrdəndir. Bakı Ekspo Mərkəzindən verilən mesajlar qlobal sabitlik, beynəlxalq əməkdaşlığa sadiqlik və praqmatik enerji siyasəti baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev: “Bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.”

Salayev İsmayıl,
Bakı Ali Neft Məktəbinin tələbəsi, Nizami rayonunun fəal gənci

 

Oxşar Xəbərlər

Back to top button