
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Müharibənin sonunda imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu hadisə rayonun tarixində yeni mərhələnin başlanğıcı oldu. Uzun illər işğal altında qalmış, infrastrukturu dağıdılmış Ağdamın yenidən qurulması, iqtisadi potensialının bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Ağdama mütəmadi səfərləri burada həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm mərhələlərini əks etdirir. Dövlət başçısının səfərləri zamanı şəhərin Baş planı əsasında həyata keçirilən layihələrlə tanışlıq, yeni obyektlərin təməlinin qoyulması və istifadəyə verilən müəssisələrin açılış mərasimlərində iştirakı xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Ağdama ilk mühüm səfərlərindən biri 2021-ci il mayın 28-də baş tutdu. Həmin səfər zamanı Ağdam şəhərinin bərpasının təməli qoyuldu. Dövlət başçısı Bərdə–Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, şəhərdə inşa ediləcək ilk yaşayış binasının və 1 nömrəli tam orta məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak etdi. Eyni zamanda, Ağdam şəhərində Zəfər muzeyinin və açıq səma altında İşğal muzeyinin yaradılması nəzərdə tutuldu. Bu səfər şəhərin yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin başlanğıcı kimi yadda qaldı.
2022-ci il fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna növbəti səfərlərini etdilər. Səfər çərçivəsində 110/35/10 kilovoltluq Ağdam-1 və Ağdam-2 yarımstansiyalarının, Qarabağ Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı keçirildi. Bu obyektlərin istifadəyə verilməsi rayonun dayanıqlı elektrik enerjisi ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmçinin Ağdam Sənaye Parkında yeni müəssisələrin, 209 mənzilli yaşayış kompleksinin, Park Forest Hotel Ağdam mehmanxanasının və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu.
2022-ci il oktyabrın 4-də baş tutan səfər zamanı Ağdamın şəhər və kənd infrastrukturunun inkişafına yönəlmiş bir sıra layihələrə start verildi. Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməli qoyuldu. Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, Dəmiryol Vağzalı və Avtovağzal Kompleksinin, yeni yaşayış məhəlləsinin və City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimləri keçirildi. Bu layihələr şəhərin nəqliyyat imkanlarının genişləndirilməsi, müasir yaşayış mühitinin yaradılması və iqtisadi fəallığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi.
2023-cü il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri zamanı Bərdə–Ağdam avtomobil yolunun açılışı keçirildi. Eyni zamanda, Xaçınçay su anbarı təmir-bərpa işlərindən sonra istifadəyə verildi. Şəhərdə yeni yaşayış komplekslərinin və Mərkəzi parkın təməli qoyuldu. Bu layihələr Ağdamın sosial və kommunal infrastrukturunun inkişafına mühüm töhfə verdi.
2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış oldu və yeni istehsal müəssisələrinin açılışında iştirak etdi. Həmin səfər zamanı bərpadan sonra İmarət Kompleksi və Ağdam City Hotel istifadəyə verildi. Bundan başqa, İmarət stadionunun təməli qoyuldu. Dövlət başçısı Ağdamın Xıdırlı və Kəngərli kəndlərində aparılan tikinti və abadlıq işləri ilə də tanış oldu.
2025-ci il fevralın 18-də Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı keçirildi. Bu mərkəz elektrik enerjisinin paylanmasının rəqəmsal idarə edilməsinə, elektrik şəbəkələrinin etibarlılığının və dayanıqlılığının artırılmasına xidmət edir.
2025-ci il mayın 10-da Ağdam Dəmiryol Vağzalı və Avtovağzal Kompleksinin açılışı baş tutdu. Bu nəqliyyat qovşağı Ağdamın digər şəhər və rayonlarla əlaqələrinin genişləndirilməsi, sərnişin daşımalarının asanlaşdırılması və Qarabağ regionunda nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Ağdamda həyata keçirilən infrastruktur layihələrinin mühüm istiqamətlərindən biri də sənaye və sahibkarlığın inkişafıdır. 2021-ci ildə təməli qoyulan Ağdam Sənaye Parkı regionun iqtisadi həyatının canlandırılması məqsədilə yaradılmış mühüm iqtisadi platformadır. Burada tikinti materialları, metal məmulatları, mebel və digər sənaye məhsullarının istehsalı üzrə müəssisələr fəaliyyət göstərir. Sənaye Parkının inkişafı yeni iş yerlərinin açılmasına, yerli istehsalın genişləndirilməsinə və özəl investisiyaların cəlb edilməsinə geniş imkanlar yaradır.
Rayonun sosial infrastrukturunun bərpası da xüsusi diqqət mərkəzində saxlanılır. Ağdam şəhərində yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və ictimai məkanlar yaradılır. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin yenidən qurulması kənd həyatının bərpası istiqamətində mühüm addımlardandır. Yeni yaşayış evləri ilə yanaşı, məktəb və uşaq bağçalarının tikilməsi sakinlərin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunmasına xidmət edir.
Prezident İlham Əliyevin Ağdama səfərləri rayonun bərpası və yenidən qurulması prosesinin ardıcıl mərhələlərini əks etdirir. Bu səfərlər zamanı təməli qoyulan və istifadəyə verilən avtomobil yolları, dəmir yolu infrastrukturu, yarımstansiyalar, sənaye müəssisələri, yaşayış binaları, məktəblər, xəstəxanalar və mədəniyyət obyektləri Ağdamın yeni inkişaf mərhələsinin əsasını təşkil edir.
Bu gün Ağdamda aparılan quruculuq işləri təkcə dağıdılmış şəhər və kəndlərin yenidən inşası deyil, həm də bütövlükdə regionun iqtisadi, sosial və mədəni həyatının bərpasıdır. Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurdlarına qayıtması, yeni iş yerlərinin yaradılması və müasir infrastrukturun formalaşdırılması Ağdamın gələcək inkişaf perspektivlərini müəyyən edir.
Ağdamın yenidən qurulması Azərbaycan dövlətinin gücünün, xalqımızın sarsılmaz iradəsinin və tarixi torpaqlarımıza bağlılığının bariz nümunəsidir. Bir zamanlar xarabalığa çevrilmiş şəhərin müasir inkişaf mərkəzinə çevrilməsi tarixi ədalətin təntənəsi və Böyük Qayıdışın real təzahürüdür.
Babayev Ramil,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi



