
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi həyata vəsiqə aldı və Azərbaycan tarixinin yeni bir dövrü – müstəqil inkişaf dövrü başlandı.Ancaq 1991-1993-cü illərdə ölkənin gələcək taleyi üçün heç bir iş aparılmadı. O dövrdə ölkə daxilindəki vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Digər tərəfdən də təcavüzkar Ermənistanın ölkəmizə qarşı torpaq iddiaları ilə müşayiət olunan Dağlıq Qarabağ problemi ağır yük kimi Azərbaycanın başı üzərində dururdu. Hər kəsin var gücü ilə xarici düşmənə qarşı həmrəylik nümayiş etdirməli olduğu belə bir şəraitdə ayri-ayri mafioz qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin şəxsi maraqlarına xidmət edən fəaliyyətlə məşğul idilər. Ona görə də qeyd etmək lazımdır ki, dövlətimizin formal müstəqillikdən qurtularaq real müstəqillik yoluna qədəm qoyması məhz Heydər Əliyev fenomeni ilə bağlıdır. O dövrdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqilliyini bərpa etmiş ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıtması ilə baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün əməli addımlar atıldı.Azərbaycan daxildə yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ona münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktlarını imzaladı. Ölkənin çoxsaylı sosial-iqtisadi problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı.1995-ci il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və yeni müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə yeni dövlət quruculuğu üçün, dövlət fəaliyyətinin və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratdı. Beləliklə, müstəqilliyin gerçək əlamətlərini Azərbaycan dövləti və xalqı 1991-ci ilin oktyabrından yox, 1993-cü ilin iyunundan sonra dadmağa başladı. Bu tarixi yollara nəzər saldıqca bir daha əmin olursan ki, Heydər Əliyevin dediyi “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyub saxlayır.
Aynur Qənbərova,
Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin Uşaq birliyi təşkilatı rəhbəri,müəllim YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədrinin müavini


