AnalitikaGündəmSiyasət

Mina təhlükəsi ilə mübarizə: Azərbaycan və Kamboca arasında təcrübə mübadiləsinin əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri olan mina problemi məsələsini yenidən gündəmə gətirib.

Dövlət başçısı bəyanatında hər iki ölkənin minaların yaratdığı təhlükələrdən əziyyət çəkdiyini vurğulayaraq, bu sahədə təcrübə, bilik və praktiki bacarıqların mübadiləsinin, eləcə də birgə təlimlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Prezidentin bu fikirləri mina probleminin yalnız ayrı-ayrı dövlətlərin deyil, insan həyatına, təhlükəsizliyə və davamlı inkişafa təsir edən beynəlxalq humanitar məsələ olduğunu bir daha göstərir.

Azərbaycan üçün mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası və insanların doğma yurdlarına qayıdışı qarşısında dayanan ciddi çağırışlardan biridir. Prezident İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi, işğal dövründə basdırılmış minaların partlaması nəticəsində azad edilmiş ərazilərdə 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Bu fakt mina təhlükəsinin uzunmüddətli nəticələrini, mülki əhalinin həyat və sağlamlığının qorunması baxımından problemin nə qədər ciddi olduğunu göstərir

Mina təhlükəsizliyinin təmin edilməsi işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, infrastrukturun bərpası, kənd və şəhərlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtması üçün mühüm şərtdir. Bu baxımdan, Azərbaycan dövlətinin həyata keçirdiyi minatəmizləmə tədbirləri və “Böyük Qayıdış” Proqramı ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, insanların təhlükəsiz yaşayış hüququnun təmin olunmasına da xidmət edir.

Kambocanın da mina probleminin nəticələri ilə üzləşmiş ölkələrdən biri olması iki dövlət arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əhəmiyyətli imkanlar yaradır. Minatəmizləmə sahəsində bilik və texnologiyaların paylaşılması, mütəxəssislərin hazırlanması, praktiki təlimlərin təşkili və təhlükəsizlik üzrə qabaqcıl yanaşmaların öyrənilməsi bu əməkdaşlığın konkret nəticələr verə biləcəyi istiqamətlərdəndir. Bununla belə, bu sahədə əldə ediləcək nəticələr davamlı əməkdaşlıq və sistemli fəaliyyət tələb edir.

Prezident İlham Əliyevin bəyanatında sülh və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilib. Dövlət başçısı sülhün və təhlükəsizliyin inkişafın əsas şərtləri olduğunu, onların beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalı olduğunu vurğulayıb. Bu yanaşma göstərir ki, təhlükəsizliyin təmin edilməsi yalnız mövcud risklərin aradan qaldırılmasını deyil, həm də dövlətlər arasında qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanan münasibətlərin möhkəmləndirilməsini tələb edir.

Azərbaycan ilə Kamboca arasında mina probleminin müzakirəsi ikitərəfli münasibətlərin praktiki məzmununun genişləndirilməsi baxımından da əhəmiyyətlidir. İki ölkənin bu sahədə əməkdaşlığı insan həyatının qorunmasına, təhlükəsizliyin gücləndirilməsinə və münaqişələrin ağır nəticələrinin aradan qaldırılmasına töhfə verə bilər.

 

Amil İsrayilov,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button