
Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında yeni mərhələdir. Bu iştirak Azərbaycanın region dövlətləri ilə siyasi dialoqun möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə verdiyi önəmin göstəricisidir. Tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı hörmət üzərində qurulan münasibətlər bu gün müasir əməkdaşlıq mexanizmləri ilə daha da zənginləşir.
Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri kimi ön plana çıxdı. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və birgə istehsal layihələrinin reallaşdırılması üçün geniş imkanlar mövcuddur. İqtisadi münasibətlərin yalnız məhsul mübadiləsi ilə məhdudlaşmaması, eyni zamanda sənaye, logistika və yeni texnologiyalar sahələrində əməkdaşlığın inkişaf etdirilməsi gələcək tərəfdaşlığın əsas istiqamətlərindəndir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın regional mövqeyini müəyyən edən mühüm amillərdəndir. Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımalar, liman və dəmir yolu infrastrukturunun inkişafı, həmçinin Orta Dəhlizin imkanlarının genişləndirilməsi region ölkələrinin beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Bu marşrutun səmərəliliyinin artırılması həm yükdaşımaların həcminin yüksəlməsinə, həm də regionun tranzit potensialının güclənməsinə töhfə verə bilər.
Enerji sahəsində tərəfdaşlıq da Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin mühüm istiqamətidir. Ənənəvi enerji resurslarının daşınması ilə yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq və yaşıl enerji dəhlizlərinin yaradılması yeni imkanlar açır. Bu istiqamətdə birgə təşəbbüslər enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə və davamlı inkişaf məqsədlərinə xidmət edir.
Simran Suleymanov,
Yap Şabran rayon təşkilatının muhasibi



