AnalitikaGündəmSiyasət

Mərkəzi Asiya ilə əməkdaşlıq

Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi dialoq intensivləşib, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər artıb. Bu münasibətlər iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Dövlətlər arasında əlaqələrin inkişafı yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun iqtisadi potensialının güclənməsinə də xidmət edir.

İqtisadi əməkdaşlıq görüşün əsas istiqamətlərindən biri kimi diqqət çəkir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, birgə müəssisələrin yaradılması və istehsal sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Birgə investisiya fondlarından səmərəli istifadə olunması və yeni layihələrin reallaşdırılması ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yarada bilər.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevirir. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar, liman və dəmir yolu infrastrukturunun inkişafı, həmçinin beynəlxalq nəqliyyat marşrutlarının təkmilləşdirilməsi Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Tranzit imkanlarının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və nəqliyyat əlaqələrinin əlaqələndirilməsi regionun beynəlxalq ticarətdə mövqeyini gücləndirə bilər.

Enerji sahəsində əməkdaşlıq da Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən mühüm istiqamətlərdəndir. Neft və qaz sahəsində mövcud əlaqələrlə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadə, yaşıl enerji dəhlizlərinin yaradılması və enerji infrastrukturunun inkişafı gələcək üçün yeni perspektivlər açır. Bu sahədə birgə fəaliyyət enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqtisadi əməkdaşlığın şaxələndirilməsinə töhfə verə bilər.

Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button