AnalitikaGündəmSiyasət

Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə ölkədə aqrar sahənin mövcud vəziyyətinin dərin təhlili, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və yeni inkişaf mərhələsinin əsas istiqamətlərinin açıqlanması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında prioritet sahələrdən biri olaraq qalır və bu istiqamətdə həyata keçirilən siyasət ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, regionların inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, hələ 2004-cü ildə ilk dəfə prezident seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regional inkişaf proqramlarının hazırlanması olmuşdur. Həmin proqramların tərkib hissəsi kimi kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilmiş, regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, o dövrdə bölgələrdə qaz təchizatı demək olar ki, yox səviyyəsində idi, elektrik enerjisi ilə təminatda ciddi problemlər yaşanırdı, avtomobil yolları yararsız vəziyyətdə idi, su təchizatı isə demək olar ki, tamamilə tükənmişdi. Məhz həyata keçirilən ardıcıl dövlət proqramları nəticəsində regionların siması dəyişmiş, kəndlərin sosial-iqtisadi həyatı dirçəlmişdir.

Bu gün ölkə üzrə qazlaşmanın səviyyəsinin 96 faizə çatdırılması, elektrik enerjisi ilə bağlı problemlərin tam aradan qaldırılması, magistral və kənd yollarının yenidən qurulması, iri su anbarlarının və suvarma sistemlərinin yaradılması kənd təsərrüfatının inkişafı üçün möhkəm baza formalaşdırmışdır. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi iri su anbarlarının tikintisi, kanalların yenidən qurulması aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir.

Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən tətbiq olunan subsidiya və güzəşt mexanizmlərinin mühüm rol oynadığını xüsusi qeyd etdi. Azərbaycanda fermerlərə yanacaq, gübrə və digər sahələr üzrə verilən güzəştlərin dünyada nadir təcrübələrdən biri olduğu qeyd edildi. Eyni zamanda, fermerlərə metodiki tövsiyələrin verilməsi, güzəştli kreditlərin ayrılması və dövlət dəstəyi proqramlarının həyata keçirilməsi aqrar sahədə mühüm nəticələrin əldə olunmasına şərait yaradıb.

Dövlət başçısı xüsusilə pambıqçılıq və baramaçılıq sahələrində əldə olunan nailiyyətləri diqqətə çatdırdı. Vaxtilə tənəzzülə uğramış pambıqçılıq sahəsində aparılan islahatlar nəticəsində istehsalın 20 min tondan 360 min tondan çox səviyyəyə çatdırılması, məhsuldarlığın əhəmiyyətli dərəcədə artması kənd rayonlarında məşğulluğun yüksəlməsinə və əhalinin gəlirlərinin artmasına səbəb olmuşdur. Eyni zamanda, tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşmiş baramaçılığın və ipəkçiliyin yenidən dirçəldilməsi dövlət siyasətinin uğurlu nəticələrindən biri kimi qiymətləndirildi.

Bununla yanaşı, Prezident İlham Əliyev son illərdə kənd təsərrüfatı istehsalında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu bildirdi və yeni Dövlət Proqramının hazırlanması barədə tapşırıqların verildiyini açıqladı. Dövlət başçısı qeyd etdi ki, proqram hərtərəfli və qısamüddətli xarakter daşımalı, həm dövlət, həm də özəl sektor investisiyalarını əhatə etməlidir. 2026-2030-cu illəri əhatə edəcək proqram çərçivəsində kənd təsərrüfatının bütün istiqamətləri üzrə ciddi dönüşün yaradılması nəzərdə tutulur.

Çıxış zamanı səsləndirilən statistik göstəricilər Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində mövcud vəziyyətini aydın şəkildə ortaya qoydu. Bildirildi ki, ölkə özünü buğda ilə cəmi 55 faiz təmin edir və bu göstəricinin artırılması zəruridir. Digər tərəfdən, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə istehsalında yüksək nəticələr əldə olunmuş, bəzi məhsullar üzrə təminat səviyyəsi 100 faizi keçmişdir. Fındıqçılıq sahəsində Azərbaycan dünyanın aparıcı ölkələri sırasında yer alır və qoz-fındıq məhsullarının ixracı ölkə iqtisadiyyatına mühüm valyuta gəlirləri qazandırır.

Prezident İlham Əliyev müşavirədə həm yerli, həm də xarici investorları kənd təsərrüfatı sahəsinə daha fəal sərmayə yatırmağa çağırdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın beynəlxalq nüfuzu, sabit siyasi mühiti və geniş əməkdaşlıq imkanları investorlar üçün əlverişli şərait yaradır. Bu baxımdan idxaldan asılı olan məhsulların ölkə daxilində istehsalının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirildi.

Çıxışda iqlim dəyişiklikləri və qlobal böhranların kənd təsərrüfatına təsiri də xüsusi qeyd olundu. Müharibələr, nəqliyyat zəncirlərinin qırılması, enerji bazarındakı qeyri-sabitlik və urbanizasiya prosesləri aqrar sahəyə ciddi təsir göstərir. Prezident İlham Əliyev bildirdi ki, kəndlərdən şəhərlərə axının qarşısının alınması üçün regionlarda sosial infrastruktur daha da gücləndirilməli, məşğulluq artırılmalı və insanların doğma torpaqlara bağlılığı möhkəmləndirilməlidir.

Dövlət başçısı torpaqlardan səmərəli istifadənin vacibliyini də xüsusi vurğulayaraq qeyd etdi ki, hər bir torpaq sahəsinin elektron xəritəsi və “pasportu” hazırlanmalı, süni intellekt və peyk texnologiyalarından istifadə edilməklə hansı ərazidə hansı məhsulun yetişdirilməsinin daha səmərəli olacağı müəyyənləşdirilməlidir.

Müşavirədə su təminatı və meliorasiya məsələləri geniş yer tutdu. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin əhəmiyyətindən danışaraq bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə su anbarlarının və kanalların bərpası artıq geniş vüsət alıb. Sərsəng, Suqovuşan, Xaçınçay, Zabuxçay və digər su anbarlarının yenidən qurulması, Bərgüşad və Həkəri su anbarlarının tikintisi regionun aqrar potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şirvan və Qarabağ kanallarının yenidən qurulması isə yüz minlərlə hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq.

Prezident İlham Əliyev çıxışında məhsuldarlığın artırılması istiqamətində qarşıya qoyulan hədəfləri də açıqladı.

Müşavirədə qeyd olundu ki, kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiyanın cəlb olunması planlaşdırılır. Dövlət başçısı aidiyyəti qurumlara proqramın qəbulundan dərhal sonra işlərin başlanılması ilə bağlı tapşırıqlar verdi.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə bir daha göstərdi ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qarşıya qoyulan yeni hədəflər, həyata keçiriləcək genişmiqyaslı layihələr və dövlət dəstəyi mexanizmləri aqrar sahənin inkişafına təkan verəcək, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, regionların inkişafına və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə olacaq.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button