Macarıstan enerji təhlükəsizliyi sahəsində bizimlə əməkdaşlığa maraqlıdır
Azərbaycan Respublikası ilə Macarıstan münasibətləri dostluq, suveren bərabərlik, qarşılıqlı etimad əsasında davam edir. Azərbaycan və Macarıstan arasında əlaqələr tarixi köklərə malikdir. Tarixdən gələn dostluq münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
Macarıstanın həm Avropa İttifaqının üzvlüyü, həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunması əlaqələrin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Bu ölkələrin beynəlxalq aləmdə bir-birinin maraqlarını dəstəkləməsi baxımından da önəmlidir.
Macarıstanın coğrafi mövqeyi, eyni zamanda, enerji dəhlizlərinin diversifikasiyası üçün də geniş imkanlar açır. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına və ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun daha da artmasına dəstək verən bir ölkədir. Azərbaycan enerji məsələləri ilə bərabər nəqliyyat, təhsil, mina təmizləmə sahəsində də Macarıstanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Xarici tələbələri özünə cəlb edən macar universitetləri üçün Azərbaycan ən perspektivli ölkələrdən biri hesab edilir və ölkənin qabaqcıl universitetleri beynəlxalq əlaqələr, menecment, İKT, tibb, kənd təsərrüfatı, mühəndislik, su sənayesi kimi sahələrdə Azərbaycanlı tələbələrə yüksək keyfiyyətli təhsil verməyə hazırdır.
Macarıstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən biridir. Macarıstan hazırkı dövrdə orta güc hesab edilir. Yəni, Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun həcminə görə 57-ci, adambaşına düşən həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir.
Macar şirkətlərinin Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə quruculuq işlərində iştirak etmək əzmində olmaları münasibətlərin müsbət yöndə inkişafına öz təsirini göstərir. Habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ının 120 milyon ABŞ dolları kredit xətti, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırmasının iki ölkənin dostluq münasibətlərinin təzahürüdür.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı