AnalitikaGündəmSiyasət

Dövlət Suverenliyi – müstəqilliyimizin ən böyük təminatı

Azərbaycanın dövlət suverenliyinin bərpası ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən hadisələrdəndir. 2023-cü il sentyabrın 20-də baş verən hadisələrdən sonra Prezidentin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə həmin tarix Dövlət Suverenliyi Günü kimi rəsmiləşdirilib.

Suverenliyin bərpası ilə qarşıda yeni vəzifələr meydana çıxıb. Dövlətçilik baxımından əsas məsələlərdən biri ərazi bütövlüyü və suverenliyin yaratdığı imkanlardan istifadə etməklə ölkənin sosial-iqtisadi inkişafını daha da gücləndirməkdir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni yolların, yaşayış məntəqələrinin, sosial obyektlərin və infrastrukturun yaradılması həmin ərazilərin iqtisadi və sosial həyata yenidən inteqrasiyasına xidmət edir.

Eyni zamanda, dövlət suverenliyinin möhkəmləndirilməsi ölkənin beynəlxalq münasibətlərdə müstəqil siyasət yürütməsi üçün də mühüm hüquqi və siyasi əsas yaradır. Azərbaycanın regional əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ölkənin inkişaf gündəliyinin mühüm hissələrindəndir.

Suverenlik əldə edilmiş nəticə olmaqla yanaşı, onu qorumağı və inkişaf etdirməyi tələb edən davamlı dövlətçilik prosesidir. Güclü iqtisadiyyat, səmərəli dövlət idarəçiliyi, hüququn aliliyi, sosial inkişaf və təhlükəsizlik bu prosesin müxtəlif istiqamətlərini təşkil edir.

20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi Azərbaycanın keçdiyi tarixi yolu xatırlamaqla yanaşı, gələcək inkişaf məqsədlərinə diqqət yönəldir. Suveren Azərbaycan üçün əsas istiqamətlərdən biri əldə olunmuş dövlətçilik imkanlarını davamlı inkişaf və rifah naminə möhkəmləndirməkdir.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button