AnalitikaGündəmSiyasət

20 sentyabr – Dövlət Suverenliyi Günü

20 sentyabr Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd edilir.

Bu günün mahiyyəti Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə bağlıdır. 2023-cü il 19 sentyabrda başlayan lokal antiterror tədbirləri 20 sentyabrda başa çatmış, nəticədə Azərbaycan Respublikasının bütün ərazisində dövlət hakimiyyətinin və Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunması istiqamətində yeni mərhələ formalaşmışdır.

Dövlət suverenliyi anlayışı yalnız əraziyə sahib olmaqla məhdudlaşmır. O, dövlətin öz ərazisində ali hakimiyyətə malik olmasını, qanunların aliliyinin təmin edilməsini, dövlət idarəçiliyinin həyata keçirilməsini və beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul etmək hüququnu ifadə edir.

20 sentyabr tarixinin əsas tarixi əhəmiyyəti Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində təmin olunması ilə əlaqələndirilir. Bu baxımdan Dövlət Suverenliyi Günü müstəqillik, dövlətçilik, ərazi bütövlüyü, Konstitusiyanın aliliyi və milli həmrəylik kimi dəyərlərin ictimai şüurda möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün həmçinin Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsinin, ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması istiqamətində göstərilən səylərin xatırlanması baxımından mühüm tarixi məna daşıyır.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button