Laçın sərhəd-buraxılış məntəqəsinin təyinatı
Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib. Çıxışına Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edərək başlayan Y.Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı. Qeyd edilib ki, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.
Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi.
İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxınlıqdakı Yevlax şəhərində keçirilməsi razılaşdırılmışdı. Təəssüflər olsun ki, on gün əvvəl – avqustun 5-də Ermənistan qanunsuz qurulan rejimi vasitəsilə siyasi motivli və qeyri-qanuni ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürməklə hər iki razılaşmadan son anda geri çəkildi. Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneə törədir. Bunun yalnız bir izahı var. Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırır. Avqustun 5-də BQXK vasitəsilə humanitar yüklərin çatdırılmasına dair razılaşmanın pozulması yeganə maneə deyil. Əslində bu, Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaqla və yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olmaqla bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməsinin, eləcə də humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin davamıdır.
Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir. Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.
“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Babayev Şavəli,
Xəzər rayonu, 216 nömrəli tam orta məktəbin direktor müavini