
Hər bir dövlətin möhkəmliyi, inkişafı və gələcəyə inamla addımlaması onun hüquqi əsaslarının nə dərəcədə sağlam olmasından asılıdır. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin əsas dayağı, müstəqilliyimizin hüquqi təminatı və xalqımızın demokratik dəyərlərə sadiqliyinin parlaq ifadəsidir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqil dövlətimizin tarixində mühüm hadisə kimi yadda qalmışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən bu ali hüquqi sənəd ölkəmizdə müasir dövlət quruculuğunun, hüquqi islahatların və demokratik inkişafın möhkəm təməlini qoymuşdur.
Konstitusiya dövlətin və cəmiyyətin həyatının bütün mühüm sahələrini əhatə edir. Burada insan hüquq və azadlıqları, vətəndaşların vəzifələri, dövlət hakimiyyətinin təşkili və fəaliyyət prinsipləri öz əksini tapmışdır. Əsas Qanunun başlıca məqsədi insanın, onun hüquq və azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu prinsiplər hüquqi dövlətin və demokratik cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Müasir Azərbaycan dövlətinin inkişafında Konstitusiyanın rolu olduqca böyükdür. Ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı məhz konstitusion prinsiplərə əsaslanır. Qanunun aliliyi, bərabərlik, ədalət və insan hüquqlarına hörmət dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunması ölkəmizin tarixində yeni mərhələnin başlanğıcıdır. Bu nailiyyətlər dövlətçiliyimizin hüquqi əsaslarının əhəmiyyətini bir daha ön plana çıxarır.
Konstitusiya yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləyən hüquqi sənəd deyil, həm də hər bir vətəndaşın hüquqi düşüncəsinin, vətənə və dövlətə bağlılığının formalaşmasında mühüm əhəmiyyət daşıyan ali qanundur. Hər birimiz Konstitusiyanın müddəalarına hörmətlə yanaşmalı, qanunlara əməl etməli, hüquq və vəzifələrimizi dərindən bilməliyik.
12 Noyabr – Konstitusiya Günü xalqımızın dövlətçilik tarixinə, müstəqilliyinə və hüquqi dəyərlərinə ehtiram günüdür. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, güclü dövlətin təməlində möhkəm qanunlar, hüquqi məsuliyyət və milli birlik dayanır.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



