
Dövlət suverenliyi müstəqil ölkənin öz daxili və xarici siyasətini sərbəst müəyyən etmək, ərazisi üzərində ali hakimiyyətini həyata keçirmək hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası bu fundamental prinsipin hüquqi əsaslarını müəyyən edir. Əsas Qanunda xalqın hakimiyyətin yeganə mənbəyi olması və dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanması təsbit edilmişdir. Bu müddəa müstəqil dövlətin siyasi mahiyyətini və hüquqi legitimliyini ifadə edir.
1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirmək üçün zəruri hüquqi çərçivə yaratdı. Dövlətin ərazisi, hakimiyyət sistemi, vətəndaşların hüquqları və dövlət orqanlarının səlahiyyətləri Əsas Qanunla müəyyənləşdirildi. Beləliklə, suverenliyin yalnız siyasi bəyanat deyil, konkret hüquqi mexanizmlərlə qorunan prinsip olması təmin edildi.
Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün bərpası suverenlik anlayışının real məzmununu bir daha nümayiş etdirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə olundu. Bu qələbə Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin gücünün təzahürü idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın suveren hüquqlarının təmin olunmasında mühüm rol oynadı. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi dövlətin ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Bununla da Konstitusiyada təsbit edilmiş suverenlik prinsipi yeni tarixi reallıq şəraitində daha dolğun məna qazandı.
Bu gün dövlət suverenliyinin qorunması yalnız hərbi və siyasi güclə deyil, həm də hüquqi institutların möhkəmliyi, qanunun aliliyi və vətəndaş məsuliyyəti ilə bağlıdır. Konstitusiya bu istiqamətdə dövlətin əsas hüquqi dayağıdır. Ona görə də Əsas Qanunun prinsiplərinə sadiqlik müstəqil Azərbaycanın gələcək inkişafının mühüm şərtlərindən biridir.
Ruhəngiz Heydərova,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 3” ərazi partiya təşkilatının sədri




