AnalitikaGündəmSiyasət

12 noyabr – Konstitusiya Günü: suveren Azərbaycanın hüquqi və siyasi qürur günü

12 noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqil dövlətçilik tarixində mühüm siyasi və hüquqi əhəmiyyətə malikdir. Bu tarix 1995-ci ildə ümumxalq referendumu ilə müstəqil Azərbaycanın Əsas Qanununun qəbul edilməsini ifadə edir. Konstitusiyanın təsdiqlənməsi dövlət müstəqilliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik institutların formalaşdırılması və milli suverenliyin təmin olunması baxımından tarixi mərhələ oldu.

Azərbaycanın konstitusion inkişafı mürəkkəb tarixi proseslərdən keçib. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ideyasını reallaşdırsa da, qısa fəaliyyət müddətində Konstitusiya qəbul edə bilmədi. Sovet dövründə qəbul edilən konstitusiyalar isə Azərbaycanın müstəqil dövlət kimi hüquqi sistemini ifadə etmirdi. Buna görə də 1995-ci ildə qəbul edilən Əsas Qanun müasir Azərbaycan dövlətçiliyinin fundamental hüquqi sənədinə çevrildi.

Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş dövlət quruculuğu siyasətinin mühüm nəticəsi idi. Əsas Qanunda dövlət suverenliyi, xalq hakimiyyəti, hakimiyyət bölgüsü, insan hüquqları və demokratik idarəçilik prinsipləri təsbit olundu. Bu sənəd ölkənin siyasi sisteminin və hüquqi institutlarının inkişafı üçün möhkəm baza yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən konstitusion və institusional islahatlar, iqtisadi inkişaf və dövlətin müdafiə potensialının gücləndirilməsi Azərbaycanın müasir dövlətçilik modelini daha da möhkəmləndirib. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası Konstitusiyanın ərazi bütövlüyü və dövlət müstəqilliyi prinsiplərinin həyata keçirilməsi baxımından yeni mərhələ yaradıb. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri də bu tarixi nailiyyətlərin davamlı inkişafla tamamlanmasına xidmət edir.

Bu gün Konstitusiya Günü Azərbaycan xalqı üçün yalnız tarixi hadisənin qeyd edilməsi deyil, həm də milli suverenlik, hüquqi dövlətçilik və dövlətçilik irsinə sədaqət rəmzidir. Bu günün mahiyyəti qanunun aliliyinə hörmət, insan hüquqlarının qorunması və vətəndaş məsuliyyətinin gücləndirilməsi ilə daha da zənginləşir. Konstitusiya müstəqil Azərbaycanın keçmişindən gələcəyinə uzanan hüquqi körpü, milli birliyimizin və dövlətçilik qürurumuzun əsas dayaqlarından biridir.

Sevinc Bayramova,
YAP Nizami rayon təşkilatının “C.Naxçıvanski küçəsi, 160” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button