
Azərbaycan xalqının ən böyük arzularından biri uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi və məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Bu gün həmin arzu reallığa çevrilir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcını qoyur. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü bu baxımdan xüsusi məna daşıyır. Çünki Kəlbəcərin azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də doğma yurda qayıdışın, yenidən qurulan həyatın və milli dirçəlişin rəmzidir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər ərzində öz doğma sakinlərinin həsrətini çəkdi. İnsanlar evlərini, həyətlərini, uşaqlıq xatirələrini və əzizlərinin məzarlarını geridə qoyaraq məcburi köçkün həyatı yaşadılar. Buna baxmayaraq, kəlbəcərlilər doğma torpaqlarına qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər. 2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi bu həsrətə son qoyan tarixi hadisə oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasını və məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli şəkildə geri qayıtmasını əsas prioritetlərdən biri müəyyənləşdirdi. Bu məqsədlə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Yol-nəqliyyat infrastrukturu yenilənir, yaşayış evləri, sosial obyektlər və kommunal təsərrüfatlar qurulur. Ərazilərin minalardan təmizlənməsi və təhlükəsiz yaşayış şəraitinin yaradılması istiqamətində də mühüm işlər görülür. Kəlbəcərin bərpası xüsusi əhəmiyyət daşıyır. Çətin dağlıq relyefə və sərt iqlim şəraitinə baxmayaraq, burada müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni yollar, yaşayış məntəqələri, elektrik və digər kommunal təminat sistemləri bölgənin gələcək inkişafına xidmət edir. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılması bu prosesin mühüm mərhələsidir. Doğma evlərinə qayıdan ailələrin sevincini, illərlə ürəklərində yaşatdıqları arzuların gerçəkləşməsini sözlə ifadə etmək çətindir. Böyük Qayıdış yalnız insanların öz evlərinə dönməsi deyil. Bu, həm də iqtisadi həyatın bərpası, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin inkişafı, milli-mənəvi dəyərlərin yenidən dirçəldilməsidir. Kəlbəcərdə həyatın yenidən canlanması Azərbaycan dövlətinin gücünü, xalqımızın quruculuq əzmini və gələcəyə inamını nümayiş etdirir. Əminik ki, yaxın illərdə Kəlbəcər yenidən ölkəmizin ən gözəl və inkişaf etmiş bölgələrindən birinə çevriləcək, doğma yurduna qayıdan sakinlərin xoşbəxt və firavan həyatının ünvanı olacaqdır. Kəlbəcərə qayıdış Zəfərimizin davamı, gələcək nəsillərə ən böyük mirasımızdır!
Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



