AnalitikaGündəmSiyasət

Azərbaycanın beynəlxalq nüfuzu və Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, müstəqil xarici siyasət kursunun və müxtəlif regionlarla qurduğu səmərəli tərəfdaşlığın növbəti təqdimatı kimi mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən və regional proseslərə təsir göstərən dövlət kimi tanınır. Ölkəmizin xarici siyasətinin əsasını milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət Azərbaycanın dünyanın müxtəlif regionlarında tərəfdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaratmışdır. Asiya ölkələri ilə münasibətlərin inkişafı da bu siyasətin mühüm istiqamətlərindən biridir.

Vyetnamla münasibətlər bunun bariz nümunəsidir. Təxminən 70 illik tarixə malik Azərbaycan-Vyetnam dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Xüsusilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin inkişafında tarixi hadisə olmuşdur.

Prezident İlham Əliyevin müsahibəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də diqqət yetirilmişdir. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət göstərirlər. Bu əməkdaşlıq qlobal məsələlərə dair fikir mübadiləsinin aparılması və ortaq maraqların müdafiəsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasında ölkəmizin iqtisadi və enerji imkanları, əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika infrastrukturu və həyata keçirdiyi regional təşəbbüslər mühüm rol oynayır. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirakı ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə strateji əhəmiyyətini daha da artırır.

Dövlət başçısının müsahibəsində Vyetnamla enerji, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinin vurğulanması Azərbaycanın xarici siyasətinin praqmatik və gələcəyə hesablanmış xarakterini göstərir.

Azərbaycanın beynəlxalq münasibətlərdə qazandığı mövqe ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmiz müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər quraraq regional və qlobal əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi bir daha təsdiq edir ki, Azərbaycan dostluq münasibətlərini strateji tərəfdaşlığa çevirmək, yeni iqtisadi imkanlar yaratmaq və beynəlxalq mövqelərini gücləndirmək istiqamətində ardıcıl fəaliyyət göstərir.

Əminik ki, Azərbaycan ilə Vyetnam arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq bundan sonra da inkişaf edəcək, yeni layihələr və birgə təşəbbüslərlə daha da zənginləşəcəkdir. Bu münasibətlər Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının mühüm nəticələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button