AnalitikaGündəmSiyasət

Kəlbəcər Zəfərimizin siyasi iradə, milli birlik və dövlətçilik təcəssümüdür

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyinin dəyişməsinə səbəb olur. 2020-ci ildə qazanılmış tarixi Qələbə və Kəlbəcərin işğaldan azad edilməsi məhz belə hadisələrdəndir. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan dövlətinin gücünün, xalqımızın milli birliyinin və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təntənəsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ərazi bütövlüyünün təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ölkəmizin möhkəmlənməsinə, beynəlxalq mövqelərinin güclənməsinə və milli maraqların qorunmasına xidmət etmişdir. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ölkənin iqtisadi və hərbi qüdrətinin artırılması, müasir ordu quruculuğu, beynəlxalq əlaqələrin genişləndirilməsi və diplomatik fəaliyyət nəticəsində Azərbaycan tarixi məqsədinə nail olmaq üçün möhkəm zəmin yaratmışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək tarixi torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə Azərbaycanın hərbi qələbəsinin diplomatik müstəvidə də təsdiqi idi. Kəlbəcərin azad edilməsi dövlətimizin siyasi iradəsinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və xalq-ordu birliyinin parlaq nümunəsinə çevrildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsi baxımından mühüm addımdır. Bu gün Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və inkişaf siyasəti həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni infrastruktur yaradılır, iqtisadi potensial hərəkətə gətirilir və Böyük Qayıdış prosesi davam etdirilir. Kəlbəcərin bərpası da bu dövlət siyasətinin mühüm tərkib hissəsidir. Burada həyata keçirilən layihələr Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasını, milli birliyin möhkəmləndirilməsini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin dəstəklənməsini öz fəaliyyətinin əsas istiqamətlərindən hesab edir. Kəlbəcər Şəhəri Günü hər birimizə xatırladır ki, milli birlik, güclü dövlət və sarsılmaz xalq iradəsi qarşısında heç bir maneə dayana bilməz. Bu əlamətdar gündə bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Kəlbəcərin azadlığı Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq. Bu gün qalib Azərbaycanın üçrəngli bayrağı Kəlbəcər səmasında qürurla dalğalanır və gələcəyə inamımızı daha da gücləndirir.

Simran Süleymanov,
YAP Şabran rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button