
Azərbaycanda söz və mətbuat azadlığı demokratiyanın fundamental şərti kimi qəbul edilir və dövlət tərəfindən yüksək səviyyədə qorunur. Jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması və KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsi həmişə dövlət başçısının diqqət mərkəzindədir.
Bunun əyani sübutu kimi, 2023-cü ilin yanvarından etibarən media subyektlərinin gəlirlərinin, o cümlədən reklam gəlirlərinin 6 il müddətinə mənfəət, sadələşdirilmiş və əlavə dəyər vergisindən azad edilməsini göstərmək olar. Həmçinin, mətbuat işçilərinin sosial rifahını yüksəltmək məqsədilə 2022-ci ildə qəbul edilmiş qaydalara əsasən, Media Reyestrinə daxil edilmiş və müəyyən staja malik jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə hüququ verilmişdir.
KİV-lərə edilən bu cür birdəfəlik yardımlar, güzəştlər və milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi birbaşa olaraq mətbuata dövlətin böyük qayğısı kimi dəyərləndirilməlidir. Bütün bu addımlar ölkədə güclü və müstəqil medianın formalaşmasına xidmət edir.
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı


