İşğaldan azad olunmuş rayonlarda dayanıqlı məskunlaşmanın təmin olunması qarşıda duran əsas vəzifələrdəndir
44 günlük Vətən müharibəsində qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri başlanılıb. Bu işlərin əsasını nəqliyyat və kommunikasiya əlaqələrinin, vasitələrinin bərpası, bunların ən müasir tələblər əsasında qurulması və təmin edilməsi, o cümlədən yaşayış yerlərinin salınması və sair təşkil edir. Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncamda Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyi qeyd edilir.Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlb edilməsi ilə işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir. İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin ərazilərə yerli və xarici investisiyaların cəlbi, bu fonda əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri-neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Genişmiqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektoru üçün yeni imkanlar açır. Bütün bunlar xarici investorları da maraqlandırır.Sərəmcama əsasən , işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi və s. məsələlər öz əksini tapır.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı