
Hər bir müstəqil dövlətin siyasi, hüquqi və ictimai həyatında Konstitusiya müstəsna əhəmiyyət daşıyır. O, dövlətin idarəçilik sistemini, hakimiyyət orqanlarının fəaliyyət prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi sənəddir. Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 12 Noyabr – Konstitusiya Günü də ölkəmizin müstəqillik salnaməsinin əlamətdar səhifələrindən biridir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoydu. Bu tarixi hadisə ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazasını formalaşdırdı.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin, zəngin dövlətçilik təcrübəsinin və müstəqil dövlət quruculuğu strategiyasının mühüm nəticəsi idi. Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və xalqın iradəsi əsasında qəbul edildi. Bu sənəd Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını, hakimiyyət bölgüsü prinsipini, qanunun aliliyini və demokratik idarəçilik mexanizmlərini təsbit etdi. Konstitusiyanın qəbul edilməsi ölkədə hüquqi islahatların həyata keçirilməsi və müasir dövlət institutlarının formalaşdırılması üçün geniş imkanlar yaratdı.
Azərbaycan Konstitusiyasının ən mühüm xüsusiyyətlərindən biri insan amilinə, onun hüquq və azadlıqlarına verilən yüksək dəyərdir. Sənəddə hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, fikir və söz azadlığı, mülkiyyət hüququ və digər fundamental hüquqlar öz əksini tapmışdır. Konstitusiya yalnız dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən etmir, həm də hər bir vətəndaşın ləyaqətli həyatının, təhlükəsizliyinin və azad inkişafının təmin olunmasına xidmət edir. Onun prinsiplərinə hörmət və qanunlara əməl etmək hər bir cəmiyyət üzvünün hüquqi məsuliyyətidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Konstitusiyanın müəyyən etdiyi hüquqi və demokratik prinsiplər mühüm yer tutur. Ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər, dövlət institutlarının təkmilləşdirilməsi, vətəndaş rifahının yüksəldilməsi və milli maraqların ardıcıl müdafiəsi güclü dövlətçilik ənənələrinin davam etdirilməsinin göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Bu tarixi nailiyyət müstəqil dövlətçiliyimizin daha da möhkəmlənməsində, Konstitusiyamızın hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin edilməsində müstəsna əhəmiyyət daşıdı.
Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə əlavə və dəyişikliklərin edilməsi də dəyişən ictimai-siyasi münasibətlərə uyğun olaraq hüquqi bazanın təkmilləşdirilməsinə xidmət etmişdir.
Konstitusiya Günü hər bir vətəndaşa xatırladır ki, dövlətin gücü yalnız iqtisadi və siyasi imkanları ilə deyil, həm də qanunun aliliyinə, hüquqi mədəniyyətə və vətəndaş məsuliyyətinə söykənir. Gənc nəslin hüquqi biliklərinin artırılması, milli dövlətçilik dəyərlərinə hörmət ruhunda tərbiyə olunması və Konstitusiyanın mahiyyətinin cəmiyyətə daha geniş çatdırılması xüsusi əhəmiyyət daşıyır.
12 Noyabr – Konstitusiya Günü müstəqil dövlətçiliyimizin hüquqi təməlini, xalqımızın suveren iradəsini və gələcəyə inamını ifadə edən əlamətdar gündür. Bu gün hər birimiz üçün qanunlara hörmət, dövlətə sədaqət, vətəndaş həmrəyliyi və milli məsuliyyət kimi dəyərlərin əhəmiyyətini bir daha dərk etmək baxımından mühüm fürsətdir.
Müstəqil Azərbaycanın Konstitusiyası dövlətimizin bu günü və gələcəyi üçün etibarlı hüquqi təminat, milli birliyimizin və davamlı inkişafımızın mühüm dayağıdır.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi



