HEYDƏR ƏLİYEV ZAMANIN FÖVQÜNDƏ DAYANAN LİDERDİR

Azərbaycanın müasir dövlətçilik salnaməsində elə bir tarixi şəxsiyyət yoxdur ki, onun xidmətləri Heydər Əliyev dühası ilə müqayisə oluna bilsin. Bu il biz xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü sadəcə bir təqvim hadisəsi kimi deyil, böyük ehtiram, qürur və dərin hesabat hissi ilə qeyd edirik.
Heydər Əliyevin həyat yolu Azərbaycanın son yarım əsrlik tarixinin aynasıdır. Onun liderlik fəaliyyəti zaman və məkan daxilinə sığmayan bir vüsətə malikdir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq, ideoloji qadağaların hökm sürdüyü bir zamanda, Ulu Öndər Azərbaycanı geridə qalmış aqrar ölkədən ittifaq miqyaslı inkişaf etmiş sənaye mərkəzinə çevirdi. Məhz o illərdə yaradılan nəhəng sənaye potensialı, elmi-mədəni intibah və yetişdirilən kadrlar ordusu gələcək müstəqilliyimizin həm iqtisadi, həm də intellektual bünövrəsini təşkil etdi. Bu gün fəxrlə deyə bilərik ki, müstəqilliyimizin dayaqları hələ o illərdə dahi liderin uzaqgörən strateji planları ilə möhkəmləndirilmişdi.
Lakin onun ən böyük xidməti 1993-cü ildə, dövlətimizin varlığı sual altında olduğu, vətəndaş müharibəsi təhlükəsinin qapını döydüyü bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ölkəni məhv olmaqdan xilas etməsi oldu. Heydər Əliyev bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır sınaqlarından çıxarmışdır. Müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkət, onun bugünkü reallıqları və işıqlı sabahının etibarlı təməli məhz onun xidmətidir.
XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsini genişləndirmək olmuşdur. Ulu Öndər azərbaycancılıq ideologiyasını dövlət səviyyəsinə qaldırmaqla həm ölkə daxilində çoxəsrlik tolerantlıq ənənələrini möhkəmləndirdi, həm də dünya azərbaycanlılarının vahid mərkəzdən təşkilatlanması və həmrəyliyi üçün sarsılmaz zəmin yaratdı.
Onun müəllifi olduğu dövlət quruculuğu modelində parlamentarizm ənənələrinin formalaşması mühüm yer tutur. Heydər Əliyev parlamentin nüfuzunun artırılmasına, qanunvericilik bazasının beynəlxalq standartlara və hüquqi dövlət prinsiplərinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirirdi. Bu gün biz deputatlar öz fəaliyyətimizdə, qəbul etdiyimiz hər bir qanunda məhz həmin hüquqi məktəbin dövlətçilik prinsiplərinə, “Xalq üçün qanun, dövlət üçün qanun” fəlsəfəsinə söykənirik.
Ulu Öndərin ən böyük şah əsəri müstəqil və suveren Azərbaycandır. Onun tərəfindən müəyyən edilmiş uzaqgörən neft strategiyası — “Əsrin müqaviləsi” təkcə iqtisadi layihə deyil, Azərbaycanın dövlət müstəqilliyinin siyasi və təhlükəsizlik qarantı oldu. Bu strategiya Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu gün ölkəmizin regionun mütləq liderinə çevrilməsi, Avropanın enerji xəritəsində əsas söz sahiblərindən biri olması həmin müdrik və cəsarətli addımların məntiqi nəticəsidir. Ulu Öndərin yaratdığı iqtisadi model bu gün qeyri-neft sektorunun inkişafı və rəqəmsal transformasiya ilə daha da zənginləşir.
Xüsusilə qeyd etməliyik ki, Ulu Öndərin ən böyük arzusu, bütün həyatı boyu can atdığı hədəf torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. O hər zaman inanırdı ki, Azərbaycan xalqı öz suverenliyini bərpa edəcək, biz öz doğma yurdlarımıza mütləq qayıdacağıq. Bu müqəddəs vəsiyyət onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın polad birliyi ilə gerçəkləşdirildi.
Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki onun qurduğu dövlətin bayrağı Şuşada, Xankəndidə, Ağdamda və bütün Qarabağda əzəmətlə dalğalanır. 103-cü ildönümündə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, qalib bir dövlət kimi tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu Zəfər həm də Heydər Əliyev siyasi kursunun qələbəsidir.
Heydər Əliyev Azərbaycan xalqının qəlbində silinməz iz qoyan, adı “Azərbaycan” sözü ilə qoşa çəkilən əbədi liderdir. O bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə millətinə arxalanmışdır. Heydər Əliyev fəlsəfəsi bu gün bizə gənclərimizi milli-mənəvi ruhda tərbiyə etməyi, tariximizə sahib çıxmağı və müstəqilliyimizi göz bəbəyi kimi qorumağı öyrədir.
Bizə − bugünkü nəslə, dövlət adamlarına və hər bir vətəndaşa düşən şərəfli vəzifə bu şanlı irsi qorumaq, Heydər Əliyev yolunun işığında Azərbaycanı daha uca zirvələrə daşımaqdır. Ümummilli Liderin əziz xatirəsi xalqımızın yaddaşında, tariximizin qızıl hərflərlə yazılmış səhifələrində və hər bir uğurumuzda əbədi yaşayacaqdır.
Ülviyyə Hacıyeva,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru



