
Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Müstəqilliyimizin qorunması, dövlət institutlarının formalaşdırılması və hüquqi dövlət quruculuğunun təmin edilməsi istiqamətində həyata keçirilən tarixi addımlar sırasında 1995-ci ildə ilk milli Konstitusiyanın qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında mürəkkəb siyasi, iqtisadi və ictimai vəzifələr dayanırdı. Ölkədə sabitliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və yeni hüquqi sistemin yaradılması zərurəti yaranmışdı. Belə bir şəraitdə Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması istiqamətində mühüm işlər həyata keçirildi.
1995-ci il iyunun 2-də Konstitusiya layihəsini hazırlayan komissiyanın yaradılması ölkənin hüquqi inkişafında mühüm mərhələ oldu. Layihə geniş müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Bununla da müstəqil Azərbaycanın ilk Konstitusiyası qüvvəyə minmək üçün hüquqi əsas qazandı.
Konstitusiya ölkənin suverenliyini, dövlət müstəqilliyini, demokratik idarəçilik prinsiplərini və insan hüquqlarının müdafiəsini özündə birləşdirən fundamental sənəddir. Bu sənəd Azərbaycanın gələcək inkişafı üçün möhkəm hüquqi baza yaratdı.
Elcin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



