AnalitikaGündəmSiyasət

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü: vətəndaşların hüquq və azadlıqları

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü hüquqi dövlət quruculuğunun, demokratik prinsiplərin, insan və vətəndaş hüquq və azadlıqlarının təntənəsini ifadə edən əlamətdar gündür.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu mühüm tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin ən mühüm nailiyyətlərindən biri olmuş, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm təməlini yaratmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik Əsas Qanunu olmaqla, cəmiyyətin və dövlətin inkişaf istiqamətlərini, dövlət hakimiyyətinin təşkilini, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin fundamental prinsiplərini müəyyən edir. Konstitusiyanın əsas mahiyyətini insanın, onun hüquq və azadlıqlarının, eləcə də layiqli həyat səviyyəsinin təmin edilməsi təşkil edir.

Konstitusiyanın ən mühüm müddəalarından biri insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Əsas Qanuna əsasən, hər kəsin yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, əmək, təhsil, sağlamlığın qorunması, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq və məhkəmə müdafiəsi hüquqları vardır. Bu hüquqlar hər bir vətəndaşın cəmiyyətdə azad, təhlükəsiz və ləyaqətli yaşamasının hüquqi təminatıdır.

Konstitusiyada təsbit olunmuş bərabərlik prinsipi də xüsusi əhəmiyyət daşıyır. Hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. İnsan hüquq və azadlıqlarının irqi, milli, dini, dil, cins, mənşə, əqidə və digər əlamətlərə görə məhdudlaşdırılmasına yol verilmir. Bu prinsip cəmiyyətdə qarşılıqlı hörmətin, tolerantlığın, sosial ədalətin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.

Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması ilə yanaşı, onların vəzifələri də Konstitusiyada öz əksini tapmışdır. Hər bir vətəndaş Konstitusiyaya və qanunlara əməl etməli, digər şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etməlidir. Hüquqi dövlətin möhkəmlənməsi yalnız qanunların mövcudluğu ilə deyil, həm də hər bir vətəndaşın hüquqi mədəniyyətinin və qanunlara hörmət ruhunun formalaşması ilə mümkündür.

Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların sosial rifahının yüksəldilməsi, demokratik institutların inkişafı və qanunun aliliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, ictimai-siyasi sabitliyin qorunması və vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsi Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanır.

12 Noyabr – Konstitusiya Günü hər bir azərbaycanlı üçün hüquq və azadlıqlarımıza, dövlətçiliyimizin əsaslarına və müstəqilliyimizin hüquqi təminatına hörmətin ifadəsidir. Bu əlamətdar gün bizə xatırladır ki, güclü dövlətin təməlində qanunun aliliyi, insan hüquqlarına hörmət, vətəndaş məsuliyyəti və milli həmrəylik dayanır.

Konstitusiyamızın müəyyən etdiyi hüquqi dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi hər birimizin vətəndaşlıq borcudur.

 

İsrayılov Amil,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

 

 

 

Oxşar Xəbərlər

Back to top button