Dünya Azərbaycanlılarının Həmrəyliyi əbədidir
Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız və xalqımız hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş formada keçirilir. Harada yaşamağından asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə dünya azərbaycanlılarının həmrəyliyinə, onların təşkilatlanması prosesinə, həmçinin xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Vətən müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək uğurla mübarizə apardı. Xaricdə yaşayan soydaşlarımız anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı apardığı təxribatlarına cavab olaraq haqqlı etirazlarını bildirərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz dəstək göstərdilər. Məhz soydaşlarımızın fədakarcasına dövlətimizə, ordumuza dəstəyi Qələbəmizə töhfələr verdi.
Bu gün dünya azərbaycanlıları qəti və davamlı şəkildə Azərbaycan dövlətinin maraqlarını qoruyurlar. Dövlət başçısı xaricdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayır. Soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında sıx birləşməsinə dəstək göstərir. Onların maraq və mənafeyini qoruyur. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Zəfəri ordumuzun yüksək peşəkarlığı ilə yanaşı, xalq-iqtidar birliyinin və gərgin siyasi-diplomatik fəaliyyətinin nəticəsidir.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi