AnalitikaGündəmSiyasət

Dağıntı Muzeyindən Müasir Şəhərə

20 Noyabr sadəcə təqvimdə bir tarix, yaxud işğaldan azad olunan rayonların siyahısında növbəti bir bənd deyil. Bu tarix illərlə “Qafqazın Xirosiması” adlandırılan, daşı-daş üstündə qalmayan bir şəhərin yenidən canlanmasının, ayağa qalxmasının və tarixi ədalətin bərpasının simvoludur.

“Ağdam” adı qədim türk dilindəki “ağ ev”, “günəş şüası düşən uca yer” mənaları ilə əlaqələndirilir. Doğrudan da, bu torpaq hər zaman genişliyin, işığın, mədəniyyətin və Qarabağın mərkəzində döyünən həyat nəbzinin ünvanı olub. Lakin 1993-cü ilin iyulunda üzləşdiyi işğal və vandalizm nəticəsində bu gözəl şəhər məqsədli şəkildə xarabalığa çevrildi. Evlər, məktəblər, qəbiristanlıqlar dağıdıldı, tarixi-mədəni irsə ağır zərbə vuruldu. Ağdamın dağıdılmış mənzərəsi təkcə müharibənin deyil, həm də mədəni irsi məhv etməyə yönəlmiş sistemli vandalizmin acı nəticəsi idi. Lakin Ağdamın bir fərqli xüsusiyyəti var idi: o, heç vaxt ruhunu təslim etmədi.

2020-ci il noyabrın 20-si Azərbaycanın hərbi-siyasi strategiyasının və diplomatik qətiyyətinin mühüm nəticələrindən biri kimi tarixə düşdü. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində Ermənistan Ağdamı üçtərəfli Bəyanata uyğun olaraq döyüşsüz təhvil verməyə məcbur oldu. Həmin gün Azərbaycan əsgərinin doğma Ağdam torpağına qədəm qoyması təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də otuz illik həsrətin, göz yaşlarının və haqsızlığın sona çatmasının rəmzi idi. İmarət Kompleksinin və Cümə məscidinin minarələri fonunda dalğalanan üçrəngli bayrağımız bu qədim torpaqda həyatın yenidən başlayacağını bütün dünyaya nümayiş etdirdi.

Bu gün Ağdama baxanda tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Bir tərəfdə otuz illik işğalın acı izləri – xarabalığa çevrilmiş binalar, dağıdılmış tarixi abidələr və vandalizmin izləri görünür. Digər tərəfdə isə həmin dağıntıların yerində yüksələn yeni magistrallar, müasir yaşayış kompleksləri, sənaye müəssisələri, sosial obyektlər və bərpa olunan tarixi-mədəni abidələr diqqəti cəlb edir. Ağdamın dağıntılarının bir hissəsi isə gələcək nəsillərə işğalın və vandalizmin nəticələrini göstərən tarixi yaddaş məkanı kimi əhəmiyyət daşıyır.

Ağdam bu gün Azərbaycanın gələcəyə hesablanmış dirçəliş strategiyasının əsas mərkəzlərindən biridir. Burada hər bir təməlqoyma mərasimi, hər yeni yaşayış məhəlləsi və istifadəyə verilən hər bir obyekt sadəcə tikinti prosesi deyil, həm də tarixi ədalətin bərpasının, həyatın dağıntılar üzərində qələbəsinin təcəssümüdür. Çünki Ağdam Böyük Qayıdışın başlanğıc nöqtələrindən biri oldu. Şəhərin azad edilməsi digər işğaldan azad olunmuş ərazilərdə də bərpa və quruculuq prosesinin genişlənməsinə yol açdı.

Bu tarix bizə bir həqiqəti bir daha sübut etdi: iradə, səbir və haqq yolunda birləşən xalq öz məqsədinə çatmaq əzmindən heç vaxt dönmür.

İndi Ağdamın küçələrində yenidən uşaq səsləri eşidilir, doğma torpaqlar öz sakinlərinə qovuşur. Quruculuq işləri sürətlə davam edir, şəhərin gələcəyi yeni ümidlər üzərində qurulur. 20 Noyabr böyük qayıdışın, dağıntılardan doğan yeni həyatın, milli qürurun və heç vaxt sönməyən ümidin adıdır.

Natiq Kərimli,
YAP Şirvan şəhər təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button