Çinlə münasibətlərimizin yeni mərhələsində yeni uğurlar gözlənilir
Azərbaycan və Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olub. Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza və oradan Qara dəniz vasitəsilə Avropaya qədər uzanmışdı. Bu tarixi bağlılıq dəyişən dünyanın siyasi proseslər burulğanında öz əhəmiyyətini itirməmiş, ölkəmiz SSRİ-nin tərkibində olduğu vaxtlar belə Çinlə münasibətlər qorunub saxlanmış, XX əsrin 50-ci illərində neft, geologiya və s. sahələr üçün mütəxəssislərin hazırlanması daxil olmaqla müxtəlif sferalarda özünü göstərmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi dost Çin ilə əlaqələrin hərtərəfli inkişafı üçün tarixi bir fürsət yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri kimi ÇXR ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz ÇXR-də açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də xarici siyasət strategiyasında Çin ilə bütün sahələrdə əlaqələri genişləndirmək prioritet istiqamət təşkil edib. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Prezident İlham Əliyevin 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi ilə göstərdi ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələri daha da inkişaf etdirmək üçün geniş potensial var. Əminliklə demək olar ki, Azərbaycan-Çin arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək və ölkələrimizin gələcək rifahına xidmət edəcək.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı