
18 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Gənclər və İdman idarəsi”, “Ağstafa GEM”, “Dəmiryolu işçiləri” və “Ağstafa DAİM” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 noyabr “Ağdam şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, özünəməxsus təbiətə və böyük iqtisadi potensiala malik olan məkanlarından biridir. Qarabağın mərkəzində yerləşən bu torpaq əsrlər boyu insanların yaşayış məskəni, əkinçilik və sənətkarlıq ənənələrinin formalaşdığı mühüm ərazilərdən biri olub. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Ağdamın azadlığına, doğma sakinlərinin yurda qayıdışına, şəhər və kəndlərin yenidən qurulmasına yol açdı. Bu gün Ağdam müasir şəhərsalma, iqtisadi inkişaf və məskunlaşma proseslərinin geniş vüsət aldığı yeni mərhələyə qədəm qoyur.
Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Tünzalə Namazova, “Ağstafa GEM” Ərazi Partiya Təşkilatının sədri Məhbubə Məmmədova, “Dəmiryolu işçiləri” Ərazi Partiya Təşkilatının fəal üzvü Dunar Məmmədli və “Ağstafa DAİM” Ərazi Partiya Təşkilatının fəal üzvü Teymur Sadıqov bildiriblər ki, 20 Noyabr – Ağdam şəhəri günü xalqımızın yaddaşında yalnız işğaldan azad olunma tarixi kimi deyil, həm də milli iradənin və quruculuq əzminin rəmzi olaraq yaşayır. Bir zamanlar düşmən tərəfindən dağıdılmış Ağdam bu gün yeni sima qazanır, müasir şəhərsalma layihələri ilə gələcəyə doğru inkişaf edir. Ağdamın dirçəlişi Azərbaycanın ərazi bütövlüyünün bərpasının, tarixi ədalətin təmin olunmasının və xalqımızın sarsılmaz iradəsinin parlaq təcəssümüdür.




