AnalitikaGündəmSiyasət

Bakı Enerji Həftəsi Azərbaycanın enerji siyasətinin uğurlarını və gələcək hədəflərini nümayiş etdirir

Bakı Enerji Həftəsi Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platformadır. Bu tədbirin əsası 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. İllər ərzində Bakı Enerji Həftəsi qlobal enerji sektorunun nüfuzlu tədbirlərindən birinə çevrilib. Bu gün tədbir neft və qaz sahəsi ilə yanaşı, yaşıl enerji və innovativ texnologiyaları da əhatə edir.

Azərbaycan zəngin enerji resurslarından səmərəli istifadə edərək etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin həyata keçirdiyi enerji layihələri regional və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir. Bakı Enerji Həftəsində dünyanın müxtəlif ölkələrindən şirkətlərin iştirakı buna olan marağı bir daha təsdiqləyir. Tədbir yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının müzakirəsi üçün əlverişli şərait yaradır.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək Azərbaycanın enerji siyasətinin uğurlarından bəhs edib. Dövlət başçısı bildirib ki, enerji təhlükəsizliyi bu gün qlobal təhlükəsizliyin mühüm tərkib hissəsidir. Azərbaycanın enerji inkişafının əsasında 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” dayanır. Həmin müqavilə ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə imkan yaradıb.

Sonrakı dövrdə həyata keçirilən layihələr Azərbaycanın iqtisadi inkişafını sürətləndirib. Dövlət Neft Fondunun yaradılması enerji gəlirlərinin səmərəli idarə olunmasına şərait yaradıb. Cənub Qaz Dəhlizi isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırıb. Bu gün Azərbaycan bir sıra ölkələrin etibarlı enerji təchizatçısı kimi çıxış edir.

Enerji sektorunda əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verib. Müasir infrastrukturun yaradılması və iqtisadi imkanların genişlənməsi bunun göstəricisidir. Bakı Enerji Həftəsi Azərbaycanın enerji siyasətinin uğurlarını nümayiş etdirməklə yanaşı, gələcək əməkdaşlıqlar üçün də yeni imkanlar yaradır. Tədbir ölkəmizin beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin daha da artdığını göstərir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button