AnalitikaGündəmSiyasət

Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasının növbəti uğur mərhələsidir

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı barədə

 

2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi Azərbaycanın enerji siyasətinin, beynəlxalq əməkdaşlıq əlaqələrinin və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin nümayiş olunduğu mühüm beynəlxalq platformaya çevrildi. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum” təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı ölkəmizin enerji strategiyasının keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri və gələcək perspektivləri əhatə edən mühüm siyasi və iqtisadi mesajlarla zəngin oldu.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyan mühüm beynəlxalq platformalardan biridir. Dövlət başçısı vurğuladı ki, bu tədbir illər ərzində inkişaf edərək daha geniş miqyas almış və hazırda Bakı Enerji Həftəsi adı altında qlobal enerji sektorunun ən nüfuzlu tədbirlərindən birinə çevrilmişdir. Bu fakt Azərbaycanın dünya enerji bazarındakı mövqeyinin möhkəmlənməsinin və ölkəmizin beynəlxalq etimad qazanan tərəfdaş kimi tanınmasının bariz göstəricisidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın müasir enerji tarixində xüsusi əhəmiyyət daşıyan “Şahdəniz” layihəsinə də toxundu. Dövlət başçısı xatırlatdı ki, dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilənin imzalanmasından 30 il ötür. Bu layihə Azərbaycanın qaz hasilatı və ixracında yeni mərhələnin əsasını qoymaqla yanaşı, ölkəmizin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu da artırmışdır. Bu gün Azərbaycan qazı bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Avropanın enerji xəritəsində strateji əhəmiyyət daşıyan amillərdən birinə çevrilib.

Çıxış zamanı dövlət başçısı Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətindən bəhs edərək bildirdi ki, tədbirin beynəlxalq nüfuzu dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin göndərdiyi təbrik məktublarında da öz əksini tapır. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbir iştirakçılarına ünvanladıqları müraciətlər Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlıq platforması kimi rolunun yüksək qiymətləndirildiyini göstərir. Bu fakt ölkəmizin enerji diplomatiyasının uğurlarını və beynəlxalq tərəfdaşlar tərəfindən etibarlı dövlət kimi qəbul olunduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji strategiyasının əsas prinsiplərindən biri olan etibarlılıq məsələsini xüsusi vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərində qarşılıqlı etimad və öhdəliklərə sadiqlik prinsiplərinə əsaslanır. Məhz bu yanaşma nəticəsində ölkəmiz uzun illər ərzində beynəlxalq enerji layihələrinin uğurla reallaşdırılmasına nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və digər iri enerji layihələri Azərbaycanın strateji baxışının və etibarlı tərəfdaş mövqeyinin nəticəsidir.

Dövlət başçısı vurğuladı ki, enerji təhlükəsizliyi artıq hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilmişdir. Son illərdə dünyada baş verən geosiyasi proseslər, enerji bazarlarında müşahidə olunan dəyişikliklər və yeni çağırışlar göstərir ki, etibarlı enerji mənbələrinə malik olmaq strateji əhəmiyyət daşıyır. Azərbaycan isə öz resursları, infrastruktur imkanları və beynəlxalq əməkdaşlıq təcrübəsi ilə bu istiqamətdə mühüm rol oynayır. Bu gün ölkəmiz həm neft, həm qaz, həm də yaşıl enerji sahəsində böyük potensiala malikdir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də yaşıl enerji və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan enerji siyasətini yalnız karbohidrogen resursları üzərində qurmaq niyyətində deyil. Son illərdə ölkədə günəş və külək enerjisi sahəsində genişmiqyaslı layihələr həyata keçirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində də regionun lider dövlətlərindən birinə çevrilmək məqsədi daşıyır.

Bu siyasət ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementidir. Bərpaolunan enerji layihələrinin reallaşdırılması həm daxili enerji tələbatının daha səmərəli şəkildə ödənilməsinə, həm də təbii qaz ehtiyatlarının ixrac potensialının artırılmasına xidmət edir. Beləliklə, Azərbaycan həm enerji ixracatçısı kimi mövqeyini gücləndirir, həm də qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarından biri kimi enerji siyasətinin rolu da ön plana çəkildi. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, enerji sektorunda əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinin icrasına, regionların inkişafına və vətəndaşların rifahının yüksəldilməsinə yönəldilib. Son illər Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr, yeni yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi məhz düzgün enerji siyasətinin nəticəsidir.

Bakı Enerji Həftəsi həm də müxtəlif ölkələrdən olan şirkətlərin, investorların və ekspertlərin bir araya gəldiyi mühüm əməkdaşlıq platformasıdır. Bu tədbir çərçivəsində aparılan müzakirələr, imzalanan sazişlər və əldə olunan razılaşmalar Azərbaycanın enerji sektorunun gələcək inkişafı üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlarla kifayətlənmir, daim yeni əməkdaşlıq formatları və inkişaf istiqamətləri müəyyənləşdirir.

Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını və gələcək hədəflərini əks etdirən mühüm proqram xarakterli çıxış oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkəmizin qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, regional əməkdaşlığın təşəbbüskarı və yaşıl enerji keçidinin fəal iştirakçısı kimi mövqeyini bir daha təsdiqlədi. Bakı Enerji Həftəsi isə öz növbəsində Azərbaycanın beynəlxalq enerji gündəliyində mühüm rol oynayan ölkə olduğunu bir daha nümayiş etdirdi və gələcək əməkdaşlıqlar üçün yeni perspektivlər açdı.

 Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button