
Müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində siyasi partiyaların, xüsusilə də aparıcı siyasi qüvvə kimi Yeni Azərbaycan Partiyasının (YAP) rolu müstəsna əhəmiyyət kəsb edir. 1992-ci il noyabrın 21-də Naxçıvanda əsası qoyulan bu siyasi təşkilat qısa zamanda sadəcə bir partiya çərçivəsindən çıxaraq ölkənin ictimai-siyasi həyatında mühüm mövqeyə sahib olmuşdur. Ümummilli Lider Heydər Əliyevin ideyaları üzərində qurulan YAP ötən illər ərzində tarixi sınaqlardan uğurla çıxmış, Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı siyasi qüvvələrdən birinə çevrilmişdir.
Partiyanın yaranmasını şərtləndirən amillər XX əsrin sonlarında ölkədə hökm sürən mürəkkəb tarixi-siyasi reallıqlarla birbaşa bağlı idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda dərinləşən iqtisadi tənəzzül, hakimiyyət böhranı və cəmiyyətdəki qeyri-müəyyənlik yeni, güclü və xalqın etimadını qazana biləcək siyasi birliyin formalaşmasını zəruri edirdi. Məhz bu taleyüklü məqamda – 1992-ci il oktyabrın 16-da ölkənin tanınmış ziyalılarından ibarət “91-lər” hərəkatı Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyaya rəhbərlik etməsini xahiş etdi. Ziyalıların bu təşəbbüsü cəmiyyətin sosial sifarişini əks etdirməklə yanaşı, Azərbaycanın siyasi tarixində dövlətçilik naminə birləşməyin bariz nümunəsinə çevrildi.
Heydər Əliyevin həmin müraciətə verdiyi müsbət cavab ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvanda respublikanın müxtəlif bölgələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması rəsmiləşdirildi. Konfransda partiyanın əsas sənədləri – Nizamnamə və Proqram qəbul edildi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi və təşkilati strukturlar formalaşdırıldı. Bu hadisə ölkənin siyasi sistemində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, sonrakı illərin siyasi inkişafına da təsir göstərdi.
Yarandığı ilk dövrlərdən etibarən ümumxalq partiyası kimi fəaliyyət göstərən YAP cəmiyyətin müxtəlif təbəqələrini və sosial qruplarını vahid milli maraqlar ətrafında birləşdirməyə nail oldu. Qanunvericilik çərçivəsində fəaliyyət göstərən partiya ölkədə siyasi mübarizə və konstruktiv dialoq ənənələrinin formalaşmasına töhfə verdi. 2005-ci ildə keçirilən III qurultayda Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın siyasi kursunda varisliyi təmin etdi və təşkilatın müasir çağırışlara uyğun yenilənməsi prosesinə təkan verdi.
Müasir dövrün tələblərinə uyğun olaraq partiyanın struktur və ideoloji bazası mütəmadi şəkildə təkmilləşdirilir. 2021-ci il martın 5-də keçirilən VII qurultay bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qurultayda yenilənmiş Nizamnamənin qəbul edilməsi, yeni İdarə Heyətinin və Veteranlar Şurasının yaradılması, eləcə də Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması təşkilati idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm addımlar oldu. Bu dəyişikliklər partiyanın həm daxili təşkilatlanmasına, həm də ictimai-siyasi proseslərdəki fəaliyyətinə yeni dinamika qazandırdı.
Partiyanın yeni Proqramında fəaliyyət fəlsəfəsi və uzunmüddətli hədəfləri aydın şəkildə ifadə olunmuşdur. Azərbaycançılıq ideologiyası, dövlət müstəqilliyinin qorunması, hüququn aliliyi, sosial ədalət və multikultural dəyərlər bu strateji sənədin əsas istiqamətlərini təşkil edir. Partiya daxilində peşəkarlıq, etik prinsiplər, innovativ yanaşma və sağlam rəqabət mühitinin təşviqi əsas meyarlar kimi müəyyən edilmişdir. Eyni zamanda, davamlı iqtisadi inkişaf, vətəndaş cəmiyyətinin gücləndirilməsi, milli-mədəni irsin qorunması, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi partiyanın fəaliyyətində prioritet istiqamətlərdəndir.
YAP-ın cəmiyyətdəki nüfuzu və siyasi çəkisi seçki nəticələrində də öz əksini tapmışdır. 2024-cü il prezident seçkilərində İlham Əliyevin 92,12 faiz səslə inamlı qələbə qazanması, həmin ilin parlament seçkilərində partiyanın 68 deputat mandatı əldə etməsi və 2025-ci il bələdiyyə seçkilərində nümayiş etdirilən nəticələr partiyanın ölkənin siyasi həyatındakı mövqeyini göstərən mühüm amillərdir. Bununla yanaşı, partiya ölkədə siyasi dialoqun dərinləşdirilməsinə və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir.
Ümumilikdə, Yeni Azərbaycan Partiyası bu gün ölkənin siyasi sistemində sabitliyin, milli birliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayan siyasi təşkilatlardan biridir. Tarixi təcrübəni müasir idarəetmə prinsipləri ilə uzlaşdıran partiya Azərbaycanın dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Yeni Azərbaycan Partiyası – dünənin, bu günün və sabahın partiyasıdır!
Sevinc Həsənova,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu PHŞ-nin Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri, YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri



