AnalitikaGündəmSiyasət

34 illik şərəfli yol və güclü Azərbaycan

2026-cı il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan siyasi tarixində mühüm hadisə, milli dövlətçilik salnaməmizdə isə xüsusi yeri olan əlamətdar bir gündür. Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin mürəkkəb siyasi və ictimai proseslərdən keçdiyi, dövlət müstəqilliyinin qorunmasının, milli birliyin təmin edilməsinin və gələcəyə inamın formalaşdırılmasının böyük əhəmiyyət daşıdığı bir dövrə təsadüf etmişdir.

1992-ci il noyabrın 21-də Naxçıvanda xalqın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin dövrdə ölkənin müxtəlif bölgələrindən olan ziyalıların, tanınmış şəxslərin və minlərlə vətəndaşın Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünə dəstək verməsi xalqın güclü liderə və sağlam siyasi qüvvəyə olan ehtiyacının ifadəsi idi. Partiyanın yaranması yalnız siyasi təşkilatın formalaşması deyil, həm də Azərbaycanın müstəqil dövlət kimi gələcəyinə yönəlmiş tarixi bir seçim idi.

Yeni Azərbaycan Partiyasının yaradılmasının əsasını təşkil edən ideyalar milli dövlətçilik, müstəqillik, azərbaycançılıq, vətənpərvərlik və xalqın rifahı kimi ali dəyərlərdən qaynaqlanır. Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, müdrikliyi və uzaqgörənliyi partiyanın qısa müddətdə xalqın böyük etimadını qazanmasına şərait yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olunması və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.

Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin mühüm hadisələri ilə sıx bağlıdır. Partiya yarandığı gündən etibarən ölkənin inkişafına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və cəmiyyətin bütün sahələrində tərəqqinin təmin olunmasına xidmət edib. Zaman keçdikcə YAP ölkənin aparıcı siyasi qüvvəsinə çevrilərək geniş ictimai dəstək qazandı. Bu etimadın arxasında partiyanın həyata keçirdiyi ardıcıl fəaliyyət, dövlətçilik prinsiplərinə sadiqliyi və xalqla daim sıx əlaqədə olması dayanır.

Bu gün Yeni Azərbaycan Partiyasının siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda nüfuzunu daha da artırıb, iqtisadi potensialını gücləndirib, müstəqil siyasət yürüdən güclü dövlətə çevrilib. Ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən genişmiqyaslı quruculuq və inkişaf layihələri bu siyasi kursun uğurlu nəticələridir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təntənəsidir. Bu tarixi nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nəticəsidir.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button